CAS Seneqalı Afrika çempionu elan edib

· 1 mənbə

İdman Arbitraj Məhkəməsi (CAS) 2025-ci il Afrika Millətlər Kubokunun çempionu ilə bağlı yekun qərarını açıqlayıb.

Apasport.az xəbər verir ki, məhkəmə Seneqal Futbol Federasiyasının apellyasiya şikayətini təmin edərək yığmanın çempionluq titulunu bərpa edib.

Bununla da Afrika Futbol Konfederasiyasının (CAF) Mərakeşi çempion elan edən əvvəlki qərarı ləğv olunub.

Xatırladaq ki, yanvarın 18-də Mərakeşin paytaxtı Rabatda keçirilən finalda Seneqal meydan sahiblərini əlavə vaxtda 1:0 hesabı ilə məğlub etmişdi. Yeganə qolu Pap Qeye vurmuşdu.

Lakin görüşün əsas vaxtının sonlarında Mərakeşin xeyrinə təyin olunan penalti böyük mübahisəyə səbəb olmuşdu. Hakimin qərarına etiraz edən Seneqal futbolçuları bir müddət meydanı tərk etmişdilər. Oyun bərpa olunduqdan sonra Mərakeşin futbolçusu Brahim Dias penaltidən yararlana bilməmişdi.

Martın 17-də CAF-ın Apellyasiya Komitəsi Seneqalın meydanı tərk etməsini qayda pozuntusu hesab edərək komandaya 0:3 hesablı texniki məğlubiyyət vermiş və Mərakeşi çempion elan etmişdi.

Seneqal Futbol Federasiyası isə qərarla razılaşmayaraq CAS-a müraciət etmişdi.

Bu gün açıqlanan qərarla Seneqalın apellyasiyası təmin olunub və komandanın Afrika çempionluğu rəsmən bərpa edilib.

Mənbə: APA · 24.11.2026, 18:45 · orijinal məqalə

Bu barədə kim yazır

APA saytında oxu