EBRD "Black Sea Energy" layihəsini maliyyələşdirməyə hazırdır - Eksklüziv

· 1 mənbə

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Qara dənizin dibi ilə sualtı elektrik kabeli (Black Sea Energy) layihəsinin həyata keçirilməsinə töhfə verməkdə maraqlıdır və texniki-iqtisadi əsaslandırmanın (TİƏ) növbəti mərhələsi başa çatdıqdan sonra onun maliyyələşdirilməsi perspektivlərini öyrənməyə hazırdır.

Bu barədə "Report"a EBRD-nin Qafqaz üzrə direktoru Tomas Kayris (Tomas Kairys) məlumat verib.

"Bu regionda uzunmüddətli mövcudluğumuzu və investisiya fəaliyyətimizi nəzərə alsaq, energetikanın şaxələndirilməsinə töhfə verən və Avropa İttifaqı üçün alternativ enerji təchizatı mənbələrini təmin edən bu cür layihələr EBRD üçün şübhəsiz ki, böyük maraq kəsb edir. Bununla yanaşı, biz bunun son dərəcə mürəkkəb transsərhəd infrastruktur təşəbbüsü olduğunu başa düşürük. Buna görə də tamamlanmış TİƏ atılan ilk mühüm addımdır. İndi əsas vəzifə bu ideyanı bank maliyyələşdirməsinin cəlb edilməsi üçün uyğun layihəyə çevirməkdir", - o bildirib.

Onun sözlərinə görə, layihə tələb olunan yetkinlik mərhələsinə çatdıqdan dərhal sonra bank bu təşəbbüsün maliyyə cəhətdən qiymətləndirilməsində iştirak etməyə hazırdır.

T.Kayris qeyd edib ki, bankın töhfəsi birbaşa maliyyələşdirmə ilə məhdudlaşmaya bilər: "EBRD layihənin strukturunun formalaşdırılmasına kömək etməyə, ekoloji və sosial standartlar üzrə ekspert məsləhətləri ilə təmin etməyə, həmçinin xarici kapitalın cəlb edilməsinə dəstək göstərməyə hazır olduğunu bildirir. Strukturlaşdırmadan danışarkən hakimiyyət orqanları ilə dialoq qura, maliyyələşdirmənin təşkilinə optimal yanaşmanı müəyyənləşdirməkdə onlara kömək edə biləcəyimizi nəzərdə tuturam. Bu halda biz layihəni nəinki sərbəst şəkildə maliyyələşdirə, həm də EBRD tərəfindən uzunmüddətli maliyyələşdirmə ilə paralel olaraq özəl sektordan investorlar da cəlb edə bilərik".

Xatırladaq ki, "Xəzər-Qara dəniz-Avropa" yaşıl dəhlizi layihəsi 2023-cü il iyulun 25-də Gürcüstan, Macarıstan, Rumıniya və Azərbaycan arasında imzalanmış anlaşma memorandumu əsasında həyata keçirilir.

Qara dəniz sualtı kabel layihəsi Gürcüstan və Rumıniyanı birbaşa birləşdirəcək, Cənubi Qafqaz və Cənub-Şərqi Avropanın enerji sistemlərini əlaqələndirəcək ən böyük infrastruktur layihəsidir. Sualtı kabelin uzunluğu 1 155 km-dən çox (1 115 km su altında və 40 km quruda), gərginliyi 525 kV, gücü isə 1 300 MVt təşkil edəcək. Qara dənizdən keçən sualtı elektrik kabelinin tikintisinin 2032-ci ildə başa çatdırılması planlaşdırılır.

Sualtı kabel layihəsinin həyata keçirilməsi üçün Qara dənizin dibinin tədqiq olunması üzrə razılaşma artıq əldə olunub. Bu istiqamətdə işlərə gələn il başlanılacaq.

Mənbə: Report · 24.11.2026, 12:31 · orijinal məqalə

Bu barədə kim yazır

Report saytında oxu