Evli olduğu ortaya çıxdı, maşında sevgilisini öldürüb nəşi ilə polisə getdi
· 1 mənbə
Türkiyənin Aksaray şəhərində dəhşətli qətl hadisəsi olub.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, iki uşaq anası, 31 yaşlı Rabia Yeşildal sevgilisi, 39 yaşlı Necati Doğanayın evli və üç uşaq atası olduğunu öyrəndikdən sonra onunla mübahisə edib.
Mübahisənin sonunda Doğanay qadını odlu silahla qətlə yetirib.
Hadisə gecə saat 03:00 radələrində Yunus Əmrə məhəlləsində qeydə alınıb. Mübahisədən sonra Necati Doğanay Rabia Yeşildalı Pınar məhəlləsində yaşayan anasının evinə aparmağı təklif edib. Birlikdə evdən çıxıb avtomobilə əyləşdikdən dərhal sonra Doğanay belindəki silahı çıxararaq qadının başına atəş açıb. İki uşaq anası aldığı güllə yarasından hadisə yerindəcə keçinib.
Qətldən sonra Necati Doğanay Rabia Yeşildalın cansız bədəninin olduğu avtomobillə birbaşa polis bölməsinə gedərək təslim olub. O, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Qadının meyiti isə müayinə olunması üçün Aksaray Təhsil və Araşdırma Xəstəxanasının morquna aparılıb.
Mərhumun həyatı ilə bağlı üzə çıxan digər bir detal isə hər kəsi sarsıdıb. Məlum olub ki, Rabia Yeşildal cəmi 25 gün əvvəl keçmiş həyat yoldaşı tərəfindən 15 bıçaq zərbəsi ilə qətlə yetirilən Şefika Yeşildağın qohumu və uşaqlıq dostu imiş.
Rabia Yeşildal Karkın kənd qəbiristanlığında, uşaqlıq dostunun məzarından cəmi 50 metr aralıda torpağa tapşırılıb.
Mənbə: Qafqazinfo · 28.11.2026, 21:26 · orijinal məqalə