Gələn ay 1 824 incəsənət müəllimi sertifikatlaşdırma imtahanı verəcək

· 1 mənbə

Bakı. Trend:

Dekabrın 5–6-da Bakıda Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət təhsili müəssisələrinin müəllimləri üçün sertifikatlaşdırma imtahanı keçiriləcək.

Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

İmtahanda Dağlıq Şirvan, Qazax-Tovuz, Şəki-Zaqatala və Şərqi Zəngəzur regional mədəniyyət idarələrinin tabeliyindəki təhsil müəssisələrində çalışan ümumilikdə 1 824 təhsilverənin iştirakı nəzərdə tutulur.

Test imtahanı Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 50 ünvanında yerləşən Elektron imtahanlar korpusunda üç sessiya üzrə təşkil ediləcək.

İmtahanların qrafiki belədir:

5 dekabr, saat 10:00-da – musiqi nəzəriyyəsi, rəssamlıq və xoreoqrafiya;

5 dekabr, saat 15:00-da – qarmon, tar, xor, xanəndəlik, kamança, saz, nağara, violin, klarnet və balaban;

6 dekabr, saat 11:00-da – fortepiano ixtisasları.

İştirakçıların imtahanın tarixi, saatı və yeri barədə fərdi bildirişləri MyCulture şəxsi kabinetlərinin “Bildirişlər” bölməsinə göndərilib. Test və müsahibə proqramları, iştirakçının yaddaş kitabçası və digər məlumatlar isə şəxsi kabinetin “Sertifikatlaşdırmaya hazırlıq” bölməsində yerləşdirilib.

İştirakçılar imtahanın başlanmasına 1 saat 30 dəqiqə qalmış imtahan binasında olmalı, şəxsiyyətlərini təsdiq edən sənədi və imtahana buraxılış vərəqəsini təqdim etməlidirlər.

Kompüter vasitəsilə, təhsilverənin tədris apardığı dildə keçiriləcək imtahanda hər iştirakçıya 60 sualdan ibarət fərdi test variantı təqdim olunacaq. Suallar ixtisas, tədris proqramları, tədris metodikası və etik davranış qaydalarını əhatə edəcək. İmtahan suallarının cavablandırılması üçün 120 dəqiqə vaxt ayrılacaq.

Hər düzgün cavab bir balla qiymətləndiriləcək. Səhv cavablar və cavablandırılmamış suallar iştirakçının topladığı bala təsir etməyəcək. İmtahanın nəticələri proses başa çatdıqdan dərhal sonra elan olunacaq. Ən azı 30 bal toplayan təhsilverənlər müsahibə mərhələsinə buraxılacaqlar.

Qeyd edək ki, sertifikatlaşdırma Nazirlər Kabinetinin 21 iyul 2026-cı il tarixli 227 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na uyğun həyata keçirilir.

Test və müsahibə mərhələlərindən ibarət sertifikatlaşdırmanın məqsədi təhsilverənlərin peşəkarlıq səviyyəsini və pedaqoji fəaliyyətə yararlılığını qiymətləndirməkdir.

Mənbə: Trend · 27.11.2026, 19:51 · orijinal məqalə

Bu barədə kim yazır

Trend saytında oxu