Goldman Sachs strateqi süni intellekt şirkətlərinin səhmlərini almağın hələ tez olduğunu düşünür

· 1 mənbə

Goldman Sachs-ın strateqi Kristian Müller-Qlissmann hesab edir ki, bazardakı kütləvi satış fonunda süni intellekt sahəsində fəaliyyət göstərən şirkətlərin səhmlərini almaq hələ tezdir. Bu barədə Bloomberg yazır.

Onun sözlərinə görə, investorlar süni intellektin inkişafına xərclənən milyardların real mənfəət gətirdiyini görməlidirlər. Strateq bazarların hazırda kifayət qədər qeyri-sabit olduğunu vurğulayıb. O qeyd edib ki, investorların mövqeləri hələ adətən bazarın dibə çatdığını göstərən həddə qədər azalmayıb.

Müller-Qlissmannın fikrincə, bazarı sabitləşdirə biləcək ən aydın addım mərkəzi bankların daha yumşaq pul-kredit siyasətinə keçməsidir. O, ABŞ-da belə bir addımı əsaslı sayır, çünki inflyasiyanın bazar göstəricisi ümumilikdə Federal Ehtiyat Sisteminin (FED) hədəfinə uyğundur.

Goldman Sachs-ın strateqi bazarda korreksiyanın uzanmasının iqtisadi risk yaratdığı barədə xəbərdarlıq edib. O bildirib ki, ev təsərrüfatlarının ABŞ səhmlərinə yatırımları dotkom köpüyü dövründəkindən daha yüksəkdir.

Strateqin sözlərinə görə, kredit spredləri davamlı olaraq genişlənir və onu ən çox 2018-ci ilin sonundakı vəziyyətin təkrarlanması ehtimalı narahat edir. Həmin dövrdə FED-in pul-kredit siyasətini sərtləşdirməsi iqtisadi artımla bağlı gözləntiləri o qədər zəiflətmiş və bazardakı təlatümləri o qədər gücləndirmişdi ki, mərkəzi bank siyasətini yumşaltmalı olmuşdu.

“Fond bazarı indiki səviyyədə qalsa, sabitləşməsə və bərpa olunmasa, bu, iqtisadi artıma ciddi zərbə vuracaq”, – Müller-Qlissmann deyib.

Mənbə: Banker.az · 25.11.2026, 19:39 · orijinal məqalə

Bu barədə kim yazır

Banker.az saytında oxu