Gömrük əməkdaşlarının rotasiya qaydası dəyişir

· 1 mənbə

Gömrük orqanlarının vəzifəli şəxslərinin rotasiyasının keçirilməsi qaydasını müvafiq gömrük orqanı müəyyən edəcək.

Modern.az xəbər verir ki, bu, Milli Məclisin bugünkü iclasında müzakirə olunan “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”yə təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, gömrük orqanlarının vəzifəli şəxslərinin başqa işə keçirilməsinin əsasları yenidən müəyyənləşdirilir.

Belə ki, gömrük əməkdaşları yuxarı vəzifəyə keçirildikdə, ailə vəziyyətinə və səhhətinə görə, yaş həddi ilə əlaqədar, rotasiya qaydasında, habelə digər nəzərdə tutulan hallarda başqa işə keçirilə biləcəklər.

Layihədə nəzərdə tutulan dəyişikliklərə görə, ailə vəziyyəti və səhhətlə bağlı əsaslarla, eləcə də təhsillə əlaqədar başqa işə keçirilmə müvafiq şəxslərin razılığı əsasında həyata keçiriləcək.

Bundan başqa, ştatların ixtisarı nəticəsində bərabər vəzifəyə keçirilmə mümkün olmadıqda, attestasiyanın nəticələrinə əsasən əməkdaşın tutduğu vəzifəyə uyğun gəlmədiyi müəyyənləşdirildikdə və intizam tənbehi qaydasında onun aşağı vəzifəyə keçirilməsi mümkün olacaq.

Qanun layihəsinə əsasən, gömrük orqanlarının vəzifəli şəxslərinin rotasiyasının keçirilməsi qaydası Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Qanun layihəsi səsverməyə çıxarılıb və birinci oxunuşda qəbul edilib.

Mənbə: Modern.az · 24.11.2026, 13:44 · orijinal məqalə

Bu barədə kim yazır

Modern.az saytında oxu