İlqar Qurbanov: "Barselona"ya qarşı oynamaq çətindir, ustalıq səviyyəsi başqadır"
· 1 mənbə
UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda "Sabah"ın üz-üzə gəldiyi İspaniyanın "Barselona" klubuna qarşı oynamaq çətindir.
Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu, yığmanın direktoru İlqar Qurbanov deyib.
O, görüşlə bağlı təəssüratlarını bölüşüb:
"Ümumiyyətlə, matç maraqlı keçdi. Xüsusilə birinci hissə. Əlbəttə ki, "Barselona" komandasına qarşı oynamaq çətindir. Nə qədər çox və yaxşı hazırlaşsan da, ustalıq səviyyəsi başqadır. İlk yarıda "Sabah"ı bəyəndim. Komanda kəsərli hücumlar edirdi, real qol epizodları oldu. İkinci hissədə isə istər-istəməz "Barselona" öz ağırlığını qoydu və qollar vurdu. "Sabah"ın fərqlənməsinə gəlincə, ilk yarıdan görünürdü ki, qol vurmaq ehtimalı var. Ümumilikdə oyunun yaxşı keçdiyini düşünürəm".
O, bəzi futbolçuların meydana çıxmasından məmnunluğunu ifadə edib:
"Xəyal Əliyev, Aleksey İsayev və Rəhman Daşdəmirovun oynaması sevindirici haldır. Əlbəttə ki, bu arenalarda futbolçuların keçirdiyi hər dəqiqə həm təcrübə, həm də gələcək karyeraları baxımından çox vacibdir".
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda baş tutan görüşdə "Sabah" "Barselona"ya 1:4 hesabı ilə uduzub. Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv turnirdə növbəti matçını dekabrın 8-də səfərdə digər İspaniya təmsilçisi "Vilyarreal"a qarşı keçirəcək.
Mənbə: Report · 27.11.2026, 10:31 · orijinal məqalə