İran iqtisadiyyatında həyəcan siqnalı: Pezeşkianın etirafları nə deməkdir?

· 1 mənbə

Bakı. Trend:

Son vaxtlar İranda əsasən iqtisadi problemlərlə bağlı rəsmilər tərəfindən ciddi açıqlamalar verilir. Bu isə İranda durumun müəyyən dərəcədə kritik olduğunu və əhalinin hazırkı dövrə uyğunlaşmalı olduğu mənasını özündə ehtiva edir.

Son bir neçə gün ərzində İranın şimal-şərqində yerləşən Rəzəvi Xorasan vilayətində səfərdə olan İran Prezidenti Məsud Pezeşkian bir neçə çıxışında iqtisadi problemlərə diqqəti cəlb etməyə, ölkəni birliyə və əhalini qənaətli olmağa çağırıb.

Məsələn, ötən gün Rəzəvi Xorasan vilayətində televiziya vasitəsilə əhaliyə müraciət edən İran Prezidenti ölkənin dəniz ticarətində yaranmış problemləri kompensasiya etmək üçün alternativ yolların da məhdud olduğunu qeyd edib.

Pezeşkian İran ticarətinin 75-80%-nin dəniz marşrutları ilə həyata keçirildiyini, bu həcmdə ticarətin başqa alternativlərlə həyata keçirməyin asan iş olmadığını dilə gətirib.

O qeyd edib ki, bununla belə itirilən potensialın təxminən 50%-i alternativ şəkildə bərpa olunub və qalan itirilmiş potensialın bərpa olunması üçün alternativ yolların axtarışı davam edir.

İran Prezidenti qonşu ölkələrin potensialından istifadə etməklə və dəmiryol, avtomobil yollarının inkişaf etdirilməsi ilə ölkə ticarətinin davam etməsini və ehtiyaclarının təmin olunması imkanını möhkəmləndirməyin zəruri olduğunu qeyd edib.

“Yaşayış xərclərinin artması qarşılığında aztəminatlı ailələrin dəstəklənməsi böyük önəm kəsb edir. Hökumət indiyə qədər məhsul talonu planını icra etməklə 8,5 kvadrilyon rial (təxminən 4,34 milyard dollar) dəyərində vəsait ayırıb. Belə ki, zəruri məhsulların (buğda, arpa, düyü, çay, yemək yağı və sairə) bahalaşmasının bir hissəsi bu vasitə ilə təmin olunsun. Sözügedən dəstəklər zəruri məhsulların təmin olunması və səhiyyə xidmətləri sahəsini əhatə edir və hökumət aztəminatlı ailələrin vəziyyətini yaxşılaşdırmağa çalışır. Bu addımların atılmasına baxmayaraq, ölkənin gəlirləri azalıb, neft satışı və xarici ticarətdəki mövcud məhdudiyyətlər hökumətin gəlirlərinin azalmasına təsir göstərib”, - deyə o bildirib.

İran hökumətinin sözçüsü Fatimə Mohacerani də Tehranda təşkil olunan mətbuat konfransında müharibə şəraitinin ölkədə inflyasiya və istehsal xərclərinin artmasına səbəb olduğuna diqqət çəkib. O bildirib ki, müharibənin iki aydın mesajı var: inflyasiya və iqtisadi durğunluq. Ölkə tam əhatəli müharibə içindədir. Müharibə şəraiti və ticarət məhdudiyyətləri, eləcə də logistika xərclərinin artması ölkə iqtisadiyyatına təzyiq göstərir.

İran Statistika Mərkəzinin İranda 22 oktyabr 2026-cı ilə qədər illik inflyasiyanın öncəki analoji dövrlə müqayisədə 76,8% təşkil etdiyini qeyd etməsi iqtisadi durumun ağır olduğunu aydın şəkildə göstərir.

Ümumilikdə hazırkı dönəmdə İran iqtisadiyyatı və ticarətinin inkişafı üçün aydın perspektivin olduğunu söyləmək olmaz. Yerli istehsalın dəstəklənməsi üçün məhsul idxalına, idxalın gücləndirilməsi üçün məhsul ixracına, ixracın artırılması üçün isə müxtəlif istiqamətlərdə əlçatanlığa ehtiyac var.

Hazırkı dönəmdə cənubda Hörmüz boğazı ətrafında İrana tətbiq olunan dəniz blokadası ölkənin məhsul ixracına ciddi şəkildə zərbə vurur. Alternativ olaraq quru sərhədləri olan ölkələrlə ticarətin, məhsul idxalı və ixracının artırılması üçün ölkənin sərhəd-keçid məntəqələrində güclü infrastrukturun olması təməl şərtlərdən biri hesab olunur. Ölkənin qonşu ölkələrlə sərhəd-keçid məntəqələrində böyük infrastrukturların olmaması ticarətin artmasına əngəl yaratmaqdadır.

Mənbə: Trend · 28.11.2026, 09:00 · orijinal məqalə

Bu barədə kim yazır

Trend saytında oxu