İran səssiz müharibə ilə üz-üzə: Ölkə qaranlığa qərq olub, 600 min insan...
· 1 mənbə
ABŞ və İsrailin fevralın 28-də İrana qarşı başlatdığı hava hücumlarından sonra ölkədə yaranan böhranın təsirləri davam edir. Milyonlarla insan elektrik kəsintiləri ilə üzləşərkən, son altı ayda 600 min nəfər işini itirib. Qışın yaxınlaşması isə ölkədə vəziyyətin daha da ağırlaşacağı ilə bağlı narahatlıqları artırır.
Publika.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Bildirilib ki, təxminən 92 milyon əhalisi olan İran elektrik enerjisinin 86 faizini təbii qazdan əldə edir. Lakin hücumlar nəticəsində dörd qaz emalı müəssisəsinin zərər görməsi və elektrik stansiyalarının 4200 meqavatlıq istehsal gücünü itirməsi enerji çatışmazlığını daha da dərinləşdirib. Rəsmi Tehran bu qış gündəlik qaz çatışmazlığının 430 milyon kubmetrə çata biləcəyi barədə xəbərdarlıq edib.
İran prezidenti Məsud Pezeşkian ölkənin raket müharibəsindən daha ağır və səssiz iqtisadi müharibə ilə üzləşdiyini bildirib.
İranın milli elektrik şirkəti “Tavanir” dekabrın 1-dən etibarən ölkə üzrə iki gündən bir, iki saatlıq elektrik kəsintilərinin tətbiq olunacağını açıqlayıb. Havanın daha da soyuması halında kəsintilərin hər gün təkrarlana biləcəyi bildirilib.
Enerji böhranı sənaye sektoruna da ciddi zərbə vurub. İran parlamentinin üzvü Nəsrullah Pejmanfər son altı ayda elektrik çatışmazlığı səbəbindən 600 min nəfərin işini itirdiyini açıqlayıb. Onun sözlərinə görə, qaz çatışmazlığı davam edərsə, işsizlərin sayı bir milyonu ötə bilər.
Müəllif: Roza
Mənbə: Publika.az · 26.11.2026, 10:00 · orijinal məqalə