İsrail və ABŞ hərbçiləri kibertəhlükəsizlik təlimlərinə ilk dəfə süni intellekt texnologiyalarını daxil ediblər

· 1 mənbə

Bakı. Trend:

İsrail və ABŞ hərbçiləri kibertəhlükəsizlik üzrə birgə keçirilən "CyberDome" təlimlərində ilk dəfə süni intellekt texnologiyalarından istifadə ediblər.

Bu barədə İsrail Müdafiə Qüvvələri (İMQ) "Telegram" kanalında məlumat yayıb.

Məlumata görə, ABŞ-dəki ixtisaslaşdırılmış kibermərkəzin bazasında təşkil olunan təlimlərdə İMQ-nin Telekommunikasiya və Kibermüdafiə İdarəsinin, eləcə də ABŞ Kiber Komandanlığının 100-dən çox mütəxəssisi iştirak edib.

Təlimlər zamanı hərbçilər son üç ildə baş verən texnoloji dəyişiklikləri və regiondakı vəziyyəti nəzərə alaraq, hərbi şəbəkələrə və kritik infrastruktura qarşı mürəkkəb hücumların dəf edilməsi üzrə fəaliyyətlərin əlaqələndirilməsini və kəşfiyyat məlumatlarının mübadiləsini məşq ediblər.

Qeyd olunub ki, ilk dəfə olaraq təlim proqramına həm müdafiə, həm də hücum tapşırıqlarının yerinə yetirilməsi üçün nəzərdə tutulan süni intellekt alətləri daxil edilib.

İMQ-nin Birləşmiş Kibermüdafiə İdarəsinin məlumatına görə, süni intellekt texnologiyaları təhdidlərin daha operativ aşkarlanmasına və təhlilinə, eləcə də kiberhücumlara qarşı reaksiyanın dəqiqliyinin artırılmasına imkan verir.

"CyberDome" təlimləri 2015-ci ildən etibarən hər il keçirilir və İsrail ilə ABŞ arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

Mənbə: Trend · 29.11.2026, 17:12 · orijinal məqalə

Bu barədə kim yazır

Trend saytında oxu