Kanar adaları yaxınlığında miqrant qayığında 10 nəfərin meyiti aşkarlanıb

· 1 mənbə

Bakı. Trend:

İspaniyanın Kanar adaları yaxınlığında təxminən 100 miqrantın olduğu qayığın xilas edilməsi zamanı 8-10 nəfərin meyiti aşkarlanıb.

Bu barədə “Reuters” agentliyi dəniz xilasetmə xidmətinə istinadən məlumat yayıb.

Bildirilib ki, daha 6 nəfər ağır vəziyyətdə helikopterlə xəstəxanaya çatdırılıb. Qayıq El-İerro adasının 72 kilometr cənubunda aşkarlanıb.

Bundan əlavə, 84 miqrant başqa qayıqla adanın La Restinqa limanına çatıb.

Agentliyin məlumatına görə, oktyabr ayından Kanar adalarına miqrant axını sürətlənib. Noyabrın 25-də bir gün ərzində adalara 2 100 miqrant gəlib ki, bu da rekord göstəricidir. Onların əksəriyyəti əhalisi 11 400 nəfər olan El-İerro adasına çatıb.

Qeyd edək ki, hər il minlərlə miqrant sərt dəniz şəraitinə baxmayaraq, Atlantik okeanını keçərək İspaniya ərazisinə çatmağa çalışır. Miqrant axını, adətən, dəniz şəraitinin nisbətən əlverişli olduğu payız aylarında artır.

Mənbə: Trend · 27.11.2026, 20:27 · orijinal məqalə

Bu barədə kim yazır

Trend saytında oxu