Litva silah alışı üçün əlavə 1,44 milyard avro istəyib

· 1 mənbə

Litva Avropa İttifaqının (Aİ) SAFE ("Security Action for Europe") müdafiə proqramı çərçivəsində əlavə 1,442 milyard avro güzəştli kredit almaq üçün müraciət edib.

"Report" yerli mediaya istinadən xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyi məlumat yayıb.

Qurumun rəhbəri Robertas Kaunasın sözlərinə görə, vəsaitin hava hücumundan müdafiənin gücləndirilməsinə, pilotsuz sistemlərin və onlarla mübarizə vasitələrinin inkişafına, eləcə də döyüş sursatlarının alınmasına yönəldilməsi planlaşdırılır.

Bundan əlavə, Vilnüs maliyyələşmədən radioelektron mübarizə sistemləri, radarlar, tank əleyhinə minalar və digər müasir müdafiə texnologiyalarının əldə olunması üçün istifadə etmək niyyətindədir.

Proqramın ikinci mərhələsinin ümumi maliyyələşdirmə həcmi 21,3 milyard avro təşkil edir, SAFE fondunun ümumi həcmi isə təxminən 150 milyard avro dəyərində qiymətləndirilir.

Daha əvvəl Litva 6,375 milyard avro məbləğində güzəştli kredit üçün təsdiq almışdı. 956 milyon avro məbləğində ilk tranş isə ölkəyə daha əvvəl köçürülüb.

SAFE proqramı müdafiə qabiliyyətinin gücləndirilməsi və yenidən silahlanma üzrə Avropa planının bir hissəsi olaraq Polşanın Aİ Şurasına sədrliyi dövründə onun təşəbbüsü ilə yaradılıb.

Mənbə: Report · 26.11.2026, 23:01 · orijinal məqalə

Bu barədə kim yazır

Report saytında oxu