Mərkəzi Bank iri investisiya layihələrinin maliyyələşdirilməsi qaydalarını dəyişir
· 1 mənbə
Azərbaycan Mərkəzi Bankı (AMB) iri investisiya layihələrinin maliyyələşdirilməsi qaydalarını dəyişir.
Bunu AMB-nin Prudensial tənzimləmə departamentinin rəhbəri Aydan Ağabalayeva Bakıda keçirilən X Beynəlxalq Bankçılıq Forumunda bildirib.
“İri investisiya layihələri ümumi iqtisadi artım, xüsusilə də dayanıqlı iqtisadi inkişaf üçün zəruridir. Buna görə də xüsusi məqsədli biznes kreditləri üzrə adekvat prudensial tənzimləmə çərçivəsi formalaşdırılması AMB üçün xüsusi əhəmiyyət daşıyır. Bazel Komitəsinin standartlarına əsasən, biznes kreditləri iki kateqoriyaya bölünür. 1-cisi, layihə maliyyələşməsi də daxil olmaqla, xüsusi məqsədli biznes kreditləridir. Beynəlxalq standartlarda bunlar “specialised lending” adlanır. İkinci kateqoriyaya isə ənənəvi korporativ kreditlər daxildir. Bəs xüsusi məqsədli biznes kreditləri ənənəvi korporativ kreditlərdən niyə fərqləndirilir? Bunun əsas səbəbi kreditin ödəniş mənbəyidir. Belə kreditlər üzrə ödənişlər mövcud biznesin maliyyə vəziyyətindən deyil, maliyyələşdirilən layihənin gələcəkdə yaradacağı pul axınlarından asılıdır”, – deyə o qeyd edib.
A.Ağabalayevanın sözlərinə görə, beynəlxalq standartların əsas tələblərindən biri layihənin yaratdığı gəlirin və onunla bağlı risklərin mövcud biznesin gəlirlərindən və aktivlərindən ayrılmasıdır: “Bunun üçün kreditin yalnız həmin layihənin həyata keçirilməsi məqsədilə yaradılmış xüsusi hüquqi şəxsə verilməsi əsas şərt kimi müəyyən edilib. Bu hüquqi şəxs beynəlxalq standartlarda SPV (Special Purpose Vehicle) adlanır”.
“Digər tərəfdən, beynəlxalq standartlarda xüsusi məqsədli biznes kreditlərinin dörd növü müəyyənləşdirilib. Birincisi, layihə maliyyələşməsi kreditləridir. Bu, hazırda Azərbaycan bank sektorunda tətbiq olunan maliyyələşmə məhsuludur. İkincisi, obyekt maliyyələşməsi kreditləridir. Bu mexanizm təyyarələrin, gəmilərin, lokomotivlərin, vaqonların və digər iri həcmli aktivlərin maliyyələşdirilməsini nəzərdə tutur. Üçüncüsü, əmtəə maliyyələşməsi kreditləridir. Bu, ixtisaslaşmış bazarlarda əmtəələrin maliyyələşdirilməsi üçün qısamüddətli maliyyələşmə mexanizmidir. Dördüncüsü gəlir gətirən daşınmaz əmlakın maliyyələşdirilməsidir. Buraya mehmanxanalar, ofis binaları, ticarət mərkəzləri və digər gəlir gətirən daşınmaz əmlak obyektlərinin maliyyələşdirilməsi daxildir”, – deyə AMB rəsmisi əlavə edib.
Onun sözlərinə görə, bu dörd kredit növünün hər biri üzrə risklər fərqli olduğundan Bazel Komitəsinin standartlarında onlara tətbiq edilən kapital tələbləri diferensiallaşdırılıb: “Eyni zamanda kapital tələbi layihənin inkişaf mərhələsindən də asılıdır. Belə ki, layihə hələ əməliyyat mərhələsinə keçməyibsə, yəni kommersiya istismarına verilməyibsə, onunla bağlı risklər daha yüksək qiymətləndirilir və müvafiq olaraq daha yüksək kapital tələbləri tətbiq olunur. Məsələn, layihə maliyyələşməsi kreditləri üzrə əməliyyat mərhələsinə qədər risk dərəcəsi 130 %, əməliyyat mərhələsində isə ənənəvi biznes kreditlərində olduğu kimi 100 % müəyyən edilir”.
“Azərbaycanda bu istiqamətdə atılan ilk mühüm addım 2022-ci ildə layihə maliyyələşməsi kreditləri üzrə prudensial tənzimləmənin qəbul edilməsi olub. Həmin vaxtdan etibarən banklara layihələrin gələcəkdə yaradacağı pul axınları əsasında kreditləşmə imkanı yaradılıb. Eyni zamanda, Bazel Komitəsinin standartlarına uyğun olaraq, bu kreditlərin yalnız SPV-lərə verilməsi və əməliyyat mərhələsinə qədər yüksək kapital tələblərinin tətbiqi müəyyən edilib. 2022-ci ildən bəri prudensial çərçivənin tətbiqi, bank sektoru ilə aparılan müzakirələr və beynəlxalq standartlarda baş verən yeniliklər mövcud tənzimləmə çərçivəsinin yenilənməsi və təkmilləşdirilməsi zərurətini yaradıb. Hazırda AMB bu istiqamətdə iş aparır, yeni prudensial tənzimləmə çərçivəsi hazırlayıb. Yeni çərçivədə əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Belə ki, yalnız layihə maliyyələşməsi deyil, həmçinin obyekt maliyyələşməsi, əmtəə maliyyələşməsi və gəlir gətirən daşınmaz əmlakın maliyyələşdirilməsi də tənzimləməyə daxil ediləcək”.
Bununla belə, departament rəhbərinin sözlərinə görə, kreditlərin müstəsna olaraq SPV-lərə verilməsi tələbinə yenidən baxılır: “Müəyyən şərt daxilində bu kreditlərin mövcud biznes subyektlərinə verilməsi imkanının yaradılması nəzərdən keçirilir. Eyni zamanda, kapital tələbləri və bir borcalan üzrə limitlər də yenidən qiymətləndirilir. Bu istiqamətdə Bazel standartlarına uyğunlaşma üzrə işlər aparılır. Ümumilikdə, hazırlanmış yeni çərçivənin əsas məqsədi bütün xüsusi məqsədli biznes kreditlərini vahid tənzimləmə çətiri altında birləşdirmək, onların hər biri üzrə risk əsaslı prudensial tələblər müəyyənləşdirmək və bununla da bankların iri investisiya layihələrini maliyyələşdirmək imkanlarını genişləndirməkdir”.
Mənbə: Banker.az · 24.11.2026, 20:02 · orijinal məqalə