Paşinyandan Metsamor AES-in gələcəyi ilə bağlı AÇIQLAMA
· 1 mənbə
Ermənistan hökuməti Metsamor Atom Elektrik Stansiyasının (AES) ikinci enerji blokunun istismar müddətinin 2036-cı ilədək uzadılması barədə qərar qəbul edib.
Modern.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Atom Energetikası Təhlükəsizliyi Şurasının iclasında məlumat verib.
Paşinyan bildirib ki, stansiyanın ikinci enerji blokunun istismar müddəti 2016-cı ildə başa çatıb və hökumətin qərarı ilə daha 10 il uzadılıb.
“İstismar müddətinin növbəti 10 il üçün uzadılması məqsədilə həyata keçirilən texniki tədbirlərə dövlət büdcəsindən 160 milyon dollar ekvivalentində vəsait ayrılıb. Artıq işlərin təxminən 60 faizi tamamlanıb”.
Baş nazir mövcud enerji blokunu əvəz edəcək yeni nüvə enerji blokunun inşasının vacibliyini də vurğulayıb.
“Bu, gələcəkdə ölkəmizin enerji təhlükəsizliyini təmin etməyin yeganə yoludur. Yeni nüvə enerji blokunun seçilməsi istiqamətində işlər aparılır və ümid edirik ki, 2027-ci ildə bu məsələyə aydınlıq gətiriləcək”, – Paşinyan qeyd edib.
Mənbə: Modern.az · 28.11.2026, 16:12 · orijinal məqalə