Deputat komissarlığın yalanını üzə çıxardı: Sənədləri olan həkim belə aparılıb
· 1 mənbə
Ukraynanın Kiyev vilayətinin Belaya Tserkov şəhərində maraqlı hadisə baş verib. Hərbi xidmətdən möhlət hüququna malik olan anestezioloq-həkim nahar fasiləsi zamanı gözlənilmədən səfərbərliyə cəlb edilib.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko özünün "Telegram" kanalında məlumat yayıb.
Parlamentarinin sözlərinə görə, səfərbər edilən şəxs təhsilini də hələ davam etdirir və gələn il internaturanı bitirəcəkmiş. Qonçarenko bildirib ki, həkimin əlində bütün zəruri sənədlər və qüvvədə olan möhlət hüququna dair kağızlar olub.
Hadisə ictimailəşdikdən sonra yerli hərbi komissarlıq həmin şəxsin saxlanıldığı vaxt artıq işdən çıxdığını iddia edib. Bildirilib ki, səfərbərliyə alınan həkim bir neçə ay əvvəl işdən çıxıbmış. Lakin deputat əksini iddia edərək qeyd edib ki, onun işdən çıxmaqla bağlı ərizəsi rəhbərliyə noyabrın 20-də təqdim edilib. Həkimin aidiyyəti qurumun əməkdaşları tərəfindən saxlanılması isə noyabrın 6-da baş verib.
Qonçarenko, həmçinin hərbi komissarlıq əməkdaşlarının iddia etdiyi dövrdə həkimin əməkhaqqı aldığını sübut edən məlumatları da dərc edib.
Müəllif: Tural
Mənbə: Publika.az · 28.11.2026, 16:34 · orijinal məqalə