Qərar verildi: İmamoğlu prezidentliyə namizəd ola bilməyəcək
· 1 mənbə
Türkiyənin Dövlət Şurası İstanbulun sabiq meri, müxalif siyasətçi Əkrəm İmamoğlunun ali təhsil diplomunun ləğvi ilə bağlı qərarı qüvvədə saxlayıb.
Publika.az xəbər verir ki, bu barədə “NTV” telekanalı məlumat yayıb.
Bildirilib ki, siyasətçinin qərardan verdiyi kassasiya şikayətinə baxan məhkəmə instansiyası qərarın yenidən nəzərdən keçirilməsi üçün əsas görməyərək müraciəti rədd edib.
Bununla belə, İmamoğlunun Türkiyə Konstitusiya Məhkəməsinə müraciət etmək imkanı qalır.
Qeyd edək ki, Türkiyə Konstitusiyasına əsasən, prezidentliyə namizəd ali təhsilini başa vurduğunu təsdiqləyən diploma malik olmalıdır. Bu səbəbdən qərar İmamoğlunun 2028-ci il prezident seçkilərində iştirakına maneə yarada bilər.
Ötən ilin mart ayında İstanbul Universiteti diplomun verilməsi prosesində qanun pozuntularının olduğunu əsas gətirərək İmamoğlunun diplomunu ləğv edib. Hazırda siyasətçi Silivri həbsxanasında saxlanılır. O, korrupsiya işi üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Bundan başqa, vəzifəli şəxsləri təhqir etmək və Cümhuriyyət Xalq Partiyasının qurultayında qanun pozuntularına yol vermək iddiaları üzrə də barəsində işlər açılıb.
Akqabay
Mənbə: Publika.az · 25.11.2026, 16:54 · orijinal məqalə