Suriyada terrorçuların hücumu nəticəsində iki təhlükəsizlik əməkdaşı həlak olub
· 1 mənbə
Bakı. Trend:
Suriyanın şərqində yerləşən Deyr-əz-Zor şəhərində İŞİD terror qruplaşması silahlılarının hücumu nəticəsində daxili təhlükəsizlik qüvvələrinin iki əməkdaşı həlak olub.
Bu barədə “Al Ikhbariya” telekanalı xəbər yayıb.
Məlumata əsasən, terrorçular şəhərin mərkəzi hissəsindəki dairəvi yol qovşağı yaxınlığında daxili təhlükəsizlik qüvvələrinin patruluna hücum ediblər. Hadisə nəticəsində iki əməkdaş ölüb, bir nəfər yaralanıb.
Xatırladaq ki, noyabrın 25-də İŞİD üzvləri Suriyanın şimal-şərqindəki Həsəkə şəhərində də terror aktı törədiblər. Daxili təhlükəsizlik qüvvələrinin qərargahı yaxınlığında minalanmış motosikletin partladılması nəticəsində iki əməkdaş həlak olmuş, beş nəfər xəsarət almışdı.
Daha əvvəl Suriyanın daxili işlər naziri Ənəs Xəttab bəyan etmişdi ki, hüquq-mühafizə orqanları İŞİD-in Deyr-əz-Zor, Rəqqa və Həsəkə əyalətlərində dövlət hakimiyyətinin möhkəmləndirilməsi prosesini pozmasına imkan verməyəcək.
Mənbə: Trend · 28.11.2026, 07:53 · orijinal məqalə