The Washington Post: İran ABŞ qüvvələrinə qarşı əməliyyatlarda Maskın Starlink sistemindən istifadə edib
· 1 mənbə
İran ABŞ Silahlı Qüvvələrinə qarşı Yaxın Şərqdə həyata keçirdiyi hərbi əməliyyatlar zamanı İlon Maskın "SpaceX" şirkətinə məxsus "Starlink" sistemindən istifadə edib.
"Report" xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, milyarder İlon Mask martın ilk həftəsində, münaqişənin başlamasından qısa müddət sonra bundan xəbər tutaraq qəzəblənib.
Həmin vaxt o, ABŞ hərbçilərinin "Starlink"in hərbi versiyası olan "Starshield" sistemindən təyinatı üzrə istifadə etmədiyini də öyrənib. Mənbələrdən birinin bildirdiyinə görə, ABŞ hərbçiləri zərbə dronlarının idarə edilməsi və hədəfə yönəldilməsi üçün yalnız quru qoşunlarına nəzərdə tutulan tarif paketindən istifadə ediblər. Halbuki hava əməliyyatları üçün nəzərdə tutulan paket bundan beş dəfə baha olub.
Son bir il ərzində Mask aşağı orbitdəki minlərlə peykdən ibarət şəbəkə vasitəsilə mobil internet bağlantısı təmin edən "Starlink" cihazlarından icazəsiz istifadənin qarşısını almaq üçün bir sıra tədbirlər görüb.
"Starlink" qlobal proqram çərçivəsində 160-dan çox ölkədə əlçatandır. Proqrama qoşulmazdan əvvəl yoxlamadan keçən yüzlərlə səlahiyyətli üçüncü tərəf distribütoru da bu şəbəkənin fəaliyyətində iştirak edir.
Bununla yanaşı, nəşrin sorğuladığı ekspertlər hesab edirlər ki, "Starlink" xidmətinin İranda dayandırılması mənfi nəticələrə səbəb ola bilər. Belə ki, bu addım ölkə daxilində və xaricində yaşayan yerli dissidentlərin rabitə imkanlarını poza bilər.
Mənbə: Report · 29.11.2026, 05:43 · orijinal məqalə