Tonoyana vəzifə səlahiyyətlərindən sui-istifadə cinayət işi çərçivəsində yeni ittiham irəli sürülüb

· 1 mənbə

Ermənistanın sabiq müdafiə naziri David Tonoyana vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı cinayət işi çərçivəsində yeni ittiham irəli sürülüb.

"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, müvafiq məlumatlar "Datalex" məhkəmə-hüquq informasiyası saytında dərc olunub.

İşin materiallarına görə, Tonoyan ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.

Həmin iş üzrə Ermənistan Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin keçmiş rəisi Noravar Yolçyan da keçir və ona Tonoyana köməkçilik etməkdə ittiham irəli sürülüb. İttiham tərəfinin versiyasına görə, onların hərəkətləri dövlətin qanuni maraqlarına mühüm ziyan vurub və ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olub.

Noyabrın 24-də cinayət işi Korrupsiyaya qarşı Mübarizə Məhkəməsinin hakimi Aram Qriqoryanın icraatına daxil olub.

Xatırladaq ki, 2021-ci ilin sentyabrında Tonoyan yararsız aviasiya sursatlarının satın alınması ilə bağlı cinayət işinin fiqurantı olub. Bu iş çərçivəsində sabiq nazir həbs edilmişdi. 2024-cü ilin avqustunda o, girov müqabilində həbsdən azad edilib.

Mənbə: Report · 25.11.2026, 15:40 · orijinal məqalə

Bu barədə kim yazır

Report saytında oxu