Uşaqları korluğa aparan təhlükə: Telefon, planşet, yoxsa məsuliyyətsizlik? - MÜSAHİBƏ
· 1 mənbə
İşığı, rəngləri və həyatın gözəlliklərini bizə bəxş edən gözlərimiz bədənimizin ən həssas və mürəkkəb orqanlarından biridir. Gözün zəifləmə səbəbləri və onun qorunma yolları barədə Referans Medical Group-un cərrah-oftalmoloqu Op. Dr. Səlahəddin Təhməzov Modern.az-a müsahibəsində danışıb.
– Telefonlar yeni nəsli eynəkli böyüdür? Son illər azyaşlı uşaqlarda görmə problemlərinin artmasının əsas səbəbi nədir?
– Son nəsil uşaqlar, xüsusilə də şəhərdə yaşayanlar ömürlərinin çox hissəsini yalnız bir otaqda keçirmək məcburiyyətində qalırlar. Məsələn, uşaqlar bağçaya, məktəbə, kursa, hazırlığa gedirlər, hətta universitetə daxil olana qədər onların ömürlərinin böyük bir hissəsi qapalı məkanda keçir. Bu isə akselerasiyanın göstəricisi olaraq uzağa baxmaq ehtiyacının azalması deməkdir və nəticədə onlarda yaxından görmə zəifləyir, eynəyə ehtiyac artır.
Buna başqa bir səbəb də əlavə etmək olar: yeniyetmə nəsillərdə planşetlərə, telefonlara, kompüterlərə olan ehtiyac məcburi xarakter daşıyır. Onların həmin ekranlara uzun müddət qorunmasız, fasiləsiz və görmə gigiyenasına riayət etmədən baxmaları gözlərindəki zəifliyi daha da pisləşdirir, ilbəil eynək nömrələri artır. Hətta bütün dünyada olduğu kimi, Azərbaycanda da miopiya, hipermetropiya, astiqmatizm kimi refraktiv qüsurların rastgəlmə tezliyi sürətlə artır.
Üçüncü bir səbəb də ən mühüm səbəblərdəndir. Çox sevindirici haldır ki, son dövrlərdə ölkəmizdə qohum evlilikləri qanunla qadağan olundu. Biz həkimlər də yaxşı bilirik ki, qohum evlilikləri altda yatan gizli xəstəliklərin, o cümlədən gözdə olan patologiyaların və refraktiv qüsurların üzə çıxmasına şərait yaradır.
– Valideynlər hansı yaşdan etibarən uşaqlarının telefon istifadəsinə xüsusi diqqət yetirməlidirlər?
– Hesab edirəm ki, mümkün qədər uşaqların vaxtı onların zehni inkişafına, dünyagörüşünə və motorikasına müsbət təsir edən məşğuliyyətlərlə doldurulmalıdır. Açıq havada, təbiətdə olmaq, müxtəlif hobbilərlə məşğul olmaq, əyləncəli oyunlar oynamaq boş vaxtları aktiv şəkildə dəyərləndirməyə və telefona olan ehtiyacı azaltmağa kömək edir.
Hər kəsə məlumdur ki, boş qalan uşaq telefona baxacaq. Bəzən valideynlər daha rahat olmaq və uşağın sakit durması üçün özləri ona telefon verirlər. Bu isə uşağın bütün inkişafını tormozlayan və tez-tez qınanılan bir haldır. Sinir sistemindən tutmuş hərəkət-dayaq, əzələ və əqli inkişafına qədər hər şeyi ləngidir. Nəticədə, cəmiyyətə faydası az olan, özünü tamamilə rəqəmsal dünyaya bağlayan bir nəsil yetişir.
Valideynlər məktəbəqədər dövrə qədər uşaqların göz sağlamlığı haqqında məlumatlı olmalıdırlar. Bu proses doğum evindən başlayır; ikinci müayinə bir yaşına qədər aparılmalı, göz dibində hər hansı bir problemin olub-olmadığı yoxlanmalıdır. Üç yaşında isə hər hansı bir uşağın görmə faizini xüsusi üsulla təyin edə bilirik. Bundan sonra uşağın gözündə tənbəllik, çəplik, eynəyə və ya hər hansı digər müalicəyə ehtiyac olub-olmadığı dəqiq bilinir. Buna görə də valideynlər mütləq həkim tövsiyələrinə əməl etməlidirlər.
– Eynək taxmaq görməni daha da zəiflədir? İnsanlar arasında belə bir fikir var ki, göz eynəyə öyrəşdikcə onsuz görmək çətinləşir. Bu iddianın elmi əsası varmı?
– Bizim də təcrübəmizdə tez-tez rastlaşdığımız bir haldır. Uzun müddət eynəyə ehtiyacı olsa belə, “Mən eynəyə öyrəşərəm, gözüm daha da zəifləyər” deyə eynək taxmaqdan qaçan, bunu istəməyən şəxslər çox olur. Amma əslində, vəziyyət belə deyil.
Göz ehtiyacı olduğu halda eynək taxmadıqda daimi gərginlik yaşayır, yorulur. Xüsusilə bu hal 18 yaşına qədər olan dövrə təsadüf edirsə, eynəksizlik gözün daha da zəifləməsinə səbəb olur. Eynək taxıldıqdan sonra isə göz rahatlaşır, çünki həmin yükü artıq eynək öz üzərinə götürür. Məhz bu səbəbdən pasiyent eynəyi çıxaranda müqayisə aparır: “Mən əvvəl eynək taxmayanda öz gözümlə daha yaxşı görürdüm, indi isə daha zəif görürəm”. Bu, tamamilə normal haldır və məhz belə də olmalıdır.
– Eynəkdən tamamilə qurtulmaq mümkündürmü?
– Bəli, bu, insanın yaşından və gözündəki ehtiyacdan asılı olaraq mümkündür. Adətən 18–20 yaşından sonra – əgər göz nömrəsində hər hansı bir irəliləmə yoxdursa və göz dibində patologiya aşkar edilməyibsə – pasiyentlərin 80–90%-i ekzimer lazer üsulu ilə eynəkdən tamamilə azad ola bilirlər. Ekzimer lazerə uyğun gəlməyən qalan 10–20%-lik qrup isə fakik linza implantasiyası və ya şəffaf linza implantasiyası kimi digər metodların köməyi ilə eynəkdən qurtula bilər.
– İnsan heç bir əlamət hiss etmədən görmə qabiliyyətini itirə bilər? Hansı göz xəstəlikləri illərlə gizli inkişaf edir və insan təhlükəni anlayanda artıq gec olur? Azərbaycanda bu baxımdan ən ciddi problem hansıdır?
– Əvvəlcədən mövcud olan xəstəlik və ya ağrı olmadan insan qəflətən görməsini itirir. Bu hal çox vaxt bir gözündə, bəzən isə hər iki gözündə baş verir. Pasiyentlər əvvəlcə gözləyirlər ki, bəlkə düzələr. Bunu təzyiqin düşməsi, yorğunluq, yeyilən hər hansı bir qida və ya hava şəraiti ilə əlaqələndirməyə çalışırlar. Lakin biz həkimlər yaxşı bilirik ki, çox vaxt bu, göz dibində ciddi bir problemin xəbərçisidir. Pasiyentdə şəkərli diabet, revmatizm, qan laxtalanması ilə bağlı problemlər, yaxud yüksək təzyiq varsa və bu cür hallar nəzarətsiz qalırsa, bir müddət sonra göz dibində qalıcı korluq əmələ gələ bilər.
Ağrısız şəkildə qəfil görmə itkisinin əsas səbəbləri isə fərqlidir:
Göz sinirinin problemi: Heç bir ağrı olmasa da, birbaşa sinirlə əlaqədar görmə itə bilər.
Tor qişanın qopması: Ağrısız şəkildə tor qişanın qopması baş verə bilər.
Tor qişa damarlarının tıxanması: Həm arteriya, həm də vena damarlarının tıxanması birbaşa görmənin itməsinə gətirib çıxarır.
Bu hallar qəflətən baş verir, heç bir ağrı vermir, sadəcə görmə itir. Belə vəziyyətlərdə gözləmək birbaşa xəstənin ziyanına olur. Çünki proses qalıcı xarakter aldıqca gözdə geri dönməz və ciddi fəsadlar yaranır. Müəyyən müddət keçdikdən sonra isə artıq heç bir əməliyyat və ya müalicə fayda vermir.
Uşaqlarda isə vəziyyət bir qədər fərqlidir. Uşaqlar adətən bir gözündə problem olanda bunu şikayət olaraq dilə gətirmirlər, çünki digər sağlam gözün görməsi hesabına hər şeyi normal görürlər və zəif görən göz sanki basqılanır. Valideyn də uşaq şikayət etmədiyi üçün həkimə getməyə ehtiyac duymur. Lakin 12 yaşından sonra həmin görməyən gözdə tənbəllik əmələ gəlir. Yəni beyin həmin gözlə əlaqəni kəsir, bir növ onu blokadaya alır. Bundan sonra həmin göz artıq heç bir əməliyyatdan və ya müalicədən fayda görmür.
Məhz buna görə də valideynlər övladlarını 12 yaşa qədər mütləq göz müayinəsinə gətirməlidirlər ki, iki göz arasında görmə fərqi olub-olmadığı, tənbəllik riski vaxtında aşkar edilsin. Əgər eynəyə ehtiyac varsa, sadə bir müalicə ilə, yaxşı görən gözü müvəqqəti bağlamaqla digər gözün aktivləşməsini təmin edə bilərik. Nəticədə uşaq gələcəkdə müalicədən də, əməliyyatdan da tam fayda görmüş olar.
– Lazer əməliyyatı etdirənlər illər sonra yenidən eynək taxmağa məcbur qala bilərlər? Bu əməliyyatların nəticəsi ömürlükdürmü? Kimlərə lazer əməliyyatı qətiyyən məsləhət görülmür?
– Müasir texnologiyalara əsasən, pasiyentə lazer əməliyyatı qərarı verməzdən əvvəl onu bir neçə cihazda hərtərəfli müayinə edirik. Gözün buynuz qişasının qalınlığı, göz dibində hər hansı bir problemin olub-olmaması, pasiyentin yaşı, ümumi xəstəlikləri, eləcə də son bir ildə eynək və göz nömrəsində baş verən dəyişikliklər diqqətlə yoxlanılır. Bütün bu böyük müayinə prosesindən sonra sonda həmin pasiyentin lazer əməliyyatına uyğun olub-olmaması barədə qərar qəbul edilir.
Mən bunu əminliklə deyə bilərəm ki, lazerə tam uyğun olan gözlərdə bu müalicə görmə problemini birdəfəlik aradan qaldırır və pasiyentlər eynəkdən tamamilə azad olurlar.
Ancaq çox az bir qisimdə əməliyyatdan sonra təkrar görmə zəifləməsi hallarına çox nadir hallarda rast gəlmək olar. Bunun da səbəbi ya altda yatan başqa bir gizli problemin olması, ya da gözün digər toxumalarındakı hər hansı bir xəstəliklə əlaqədardır. Belə hallarla qarşılaşan şəxslərin faizi həddindən artıq azdır.
– Göz həkimi insanın başqa xəstəliklərini gözlərinə baxaraq müəyyən edə bilər? Şəkərli diabet, yüksək təzyiq və hətta bəzi ağır xəstəliklərin ilk əlamətlərini göz müayinəsində aşkar etmək mümkündürmü?
– Biz göz həkimlərinin xüsusi müayinə metodları mövcuddur: görməni yoxlayır, gözün nömrəsini və təzyiqini ölçürük. Bunlardan əlavə, xüsusi dərman damızdıraraq bəbəyi böyüdür və göz dibinə baxırıq. Göz dibi orqanizmdə yeganə nahiyədir ki, bütün kapilyarlar, sinirlər və toxumalar orada birbaşa gözlə görünür. Xəstənin hər hansı bir patologiyası varsa, onu ilk olaraq məhz gözdə görə bilirik. Məsələn, revmatizm kimi xəstəliklər, şəkərli diabet zamanı baş verən qansızmalar və eksudatlar, həmçinin hipertoniya xəstələrində damarların daralması və təzyiqə bağlı göz dibi problemlərinin hamısı burada aydın şəkildə görünür.
Bundan başqa, pasiyentin qan dövranında və ürək-damar sistemində olan hər hansı bir problem, hətta spesifik xəstəliklər belə ilkin olaraq gözdəki əlamətlərlə özünü büruzə verir. Hətta pasiyentin heç bir şikayəti olmasa belə, biz məhz həmin əlamətlərə və şübhələrə əsasən onu məlumatlandırır və uyğun ixtisaslı mütəxəssisə yönləndiririk.
– Uşaqlarda çəpgözlük və göz tənbəlliyi hansı yaşda başlanır və özünü göstərir?
– Uşaqlarda bəzi problemlər hələ doğulduğu vaxtdan mövcud ola bilər, lakin çəplik və görmə zəifliyi adətən iki yaşından sonra üzə çıxır. Çünki məhz bu dövrdə göz tam görmək üçün formalaşmağa başlayır və həmin ərəfədə belə hallar özünü büruzə verir.
Ona görə də çox vacibdir ki, körpələr hələ bir aylıq olarkən göz həkiminin müayinəsindən keçsinlər. Növbəti mühüm mərhələ isə təxminən üç yaşındadır. Üç yaşındakı müayinədə uşağın gözündə hər hansı bir problemin olub-olmadığını dəqiq müəyyən edə və ona uyğun tədbir görə bilirik.
Əgər uşağın gözündə zəiflik varsa, eynək təyin olunmursa və ya lazımi müalicə aparılmırsa, bu zaman uşaqlarda çox vaxt göz tənbəlliyi əmələ gəlir. Göz tənbəlliyi üçün kritik yaş həddi 12 yaşdır. Əgər 12 yaşa qədər heç bir müalicə olunmazsa, həmin göz ömürlük zəif qalır, az görür və sonradan heç bir müalicə və ya əməliyyatdan fayda görmür.
– Göz ətrafına çəkilən makiyajın fəsadları nələrdir?
– Gözümüz çox mükəmməl yaradılıb. O, həm görür, həm canlıdır, həm də təbii optik mühit olaraq fiziki qanunlara tabe olmaqla yanaşı, özünü yeniləmək qabiliyyətinə malikdir. Xüsusilə göz qapaqlarında və kirpik dibində yerləşən xüsusi vəzilər sayəsində gözümüz daimi olaraq özünü soyuq havadan, havadakı çirklərdən, mikroorqanizmlərdən və müxtəlif yad cisimlərdən qoruyur; onu nəmləndirir, yuyur və təmizləyir.
Kosmetikaya gəldikdə isə, xüsusilə xanımlar tuş və ya layneri kirpiyin dibinə çəkdikdə həmin vəzilərin ağzı bağlanır və onlar normal fəaliyyət göstərə bilmirlər. Bir müddət sonra ora hər hansı bir infeksiya qoşula bilər – təcrübəmizdə də buna çox rastlaşırıq. İtdirsəyi əmələ gəldikdə, əgər vaxtında sağalmazsa, göz qapağında düyün kimi qalıb sərtləşə bilər ki, biz buna xalazion deyirik. Belə hallarda həmin törəməyə ya xüsusi iynələr vurulmalı, ya da bəzən əməliyyat vasitəsilə içərisi təmizlənməlidir.
Bundan başqa, gözümüz özünü lazımi qaydada nəmləndirə bilmədikdə ən çox rastlaşılan problemlərdən biri – quru göz sindromu meydana çıxır. Xüsusilə də insanlar ofis şəraitində, kompüter arxasında, qapalı və rütubəti az olan mühitdə işləyirlərsə, göz qapağındakı vəzilərin də ağzı tutulubsa, bir müddət sonra ciddi narahatlıq doğuran quru göz sindromu yaranır. Bu problem gözlərdə batma hissi, diskomfort və hətta görmənin zəifləməsinə qədər müxtəlif fəsadlar verə bilər.
Kirpiklərə vurulan kosmetika, hətta ümumiyyətlə üzdən istifadə olunan kosmetik vasitələr belə mikroskop altında baxdıqda göz qapaqlarının daxilində görünür. Pasiyentlər onları müxtəlif xüsusi təmizləyici vasitələrlə təmizləməyə çalışsalar da, həmin qalıqlar 3 aya qədər qapaqların içində qala bilir. Bütün bunlar kimyəvi maddələrdir və orqanizm onları tamamilə sorub təmizləyənə qədər həm yad cisim hissi yaradır, həm də kimyəvi reaksiya verərək bir çox xəstəliklərin başlanğıcına səbəb olur.
Mənbə: Modern.az · 26.11.2026, 10:30 · orijinal məqalə