Valdas Dambrauskas: “Qız Qalasının yanında stadion tikməliyik?”

· 1 mənbə

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas evdə “Araz-Naxçıvan”a 2:0 hesabı ilə qalib gəldikləri Misli Premyer

Publika.az xəbər verir ki, litvalı mütəxəssis əvvəlcə oyunu dəyərləndirib:

– Bugünkü oyun bizim üçün çox böyük çağırış idi. Çünki “Barselona” ilə Çempionlar Liqası matçından sonra “Araz-Naxçıvan”la qarşılaşmaya tam hazırlaşa bilməmişdik. Sadəcə, bərpa məşqi keçmişdik. Bir az məşq etdik, sonra oyuna çıxdıq. Nə deyirsinizsə, deyin, bu görüş bizim üçün çox çətin idi. Əlbəttə, “Araz-Naxçıvan” topla çıxışlarda çox yaxşı idi. İndiyədək oynadığımız komandaların 70-80 faizindən daha yaxşı şəkildə arxadan topla çıxırdılar. Rəqibin qapıya endirilən zərbələri çatışmırdı. Bu zərbələrin sayı kifayət qədər deyildi. Amma biz də çox hazırlıqlı idik. Bəzən pressinqi yaxşı edirdik, bəzən də istədiyimiz kimi alınmırdı. Amma bu gün pressinqdən sonra 3-4 qol fürsəti yaratdıq. Həmin epizodlarda top tora daxil olmasa da, uzaq məsafədən 2 möhtəşəm zərbə ilə fərqləndik. Mən yenə də öz oyunçularımı, “Sabah” ailəsini bugünkü qalibiyyət münasibətilə təbrik edirəm. “Barselona” ilə oyundan, o cür emosiyalardan sonra bu matça köklənmək çətin idi.

Mən hakimlər barəsində danışmaq istəyirəm. Bu gün verilən qərarları başa düşmədim. Çempionlar Liqasında oynadıqdan sonra ölkə çempionatına qayıdırıq və burada bəzən çox fərqli qərarlarla qarşılaşırıq. Hakimlərin qərarlarını anlamaq çətin idi. Bizə həddindən artıq sarı vərəqə göstərildi və məncə, onların bəziləri verilməməli idi. Heç vaxt hakimlərdən bizə kömək etmələrini istəmirəm. Çünki bir qayda pozuntusuna görə cərimə zərbəsi təyin edilirsə, eyni pozuntuya görə rəqibə də eyni qərar verilməlidir. Bugünkü hakimliklə bağlı xoş hisslərim yoxdur. Onu da əlavə edim ki, uduzsaydıq, hakimlik barədə danışmayacaqdım.

– İki mövsümdür Azərbaycanda çalışırsınız. Əvvəlki oyunlarda hakimliklə bağlı danışmaq istəmirdiniz. İndi isə sizi artıq elə həddə çatdırıblar ki, bu məsələyə münasibət bildirdiniz. Sizcə, Azərbaycan futbolunda hakimlik problemlərini necə həll etmək olar: Xarici ölkələrdən hakimlərin dəvət edilməsi çıxış yolu ola bilərmi?

– Bu, mənim səlahiyyətimdə olan məsələ deyil. Öz komandamda belə taktiki və idarəetmə ilə bağlı işləri həll etmək üçün gecə-gündüz çalışıram. Hakimlik barədə danışmadığımı deyirsiniz. Amma yadınızdadırsa, bəzi oyunlardan sonra bu məsələyə dair açıqlamalar vermişəm. Xüsusən, stadionda işıqların söndüyü “Sabah” – “Sumqayıt” matçında 2 qolumuz ləğv olunduğu üçün hakimlik barədə danışmışdım. Həqiqətən də bu gün hakimliyə dair hissiyyatım çox pisdir. Çempionlar Liqasında oynayanda hakimlərin qərarlarından narazılığımız olmur, yaxud onların hansı məntiqlə verildiyini başa düşürük. Ancaq bu gün qəbul edilən qərarların məntiqini tapa bilmədim.

– Bugünkü oyunun hakimləri “Sabah”ın matçına ilk dəfə təyinat alırdılar…

– Gəlin, bu mövzunu bağlayaq. Çünki biz baş məşqçilər olaraq, öz işimizi görməyə, öz oyunumuzu təhlil edərək, irəliyə doğru daşımağa çalışırıq. Yəqin ki, hakimlər də buraxdıqları səhvləri təhlil edərək, onlar üzərində düzəlişlər aparacaqlar.

– “Barselona” ilə oyunda 60 mindən çox azarkeş tribunada idi. Bu gün isə təxminən 1000-1200 azarkeş stadionda idi. Bu mənzərəni görmək sizi üzürmü və azarkeşlərə xüsusi çağırış etmək istərdinizmi?

– Siz məndən həm baş məşqçi, həm hakimlik, həm də marketinq mütəxəssisi olmağımı, azarkeşlərin stadiona gəlməsini təşkil etməyimi istəyirsiniz. Mən bunların hamısını edə bilmərəm. Düşünürəm ki, bu, Azərbaycanda ümumi problemdir. Türkiyənin birinci və ikinci liqalarına baxın. Orada azarkeşlər yerli komandalarını böyük həvəslə dəstəkləyirlər. Dünən Yuri Vernidubun “Neftçi” ilə oyundan sonra azarkeşlərə müraciət etdiyini eşitdim. O da onları dəstəkləməyə çağırır, amma buna baxmayaraq, şəhərin mərkəzində yerləşən möhtəşəm stadionda “Neftçi”ni dəstəkləməyə 1000-dək çox azarkeş gəlməmişdi. Nə deyim? Ötən mövsüm 33 oyunluq məğlubiyyətsiz seriyamız oldu. Demək olar ki, hər matçda üç qol vururduq, hücum futbolu oynayır, çoxlu qol imkanları yaradırdıq. Oyunlarımızda 0:0 hesabı nadir hallarda qeydə alınırdı. Bu mövsüm isə yalnız “Neftçi” və “Qarabağ”la qarşılaşmalarda belə nəticə olub. Digər matçlarda isə qollar, dramlar olub. Buna baxmayaraq, azarkeş sayı istədiyimiz kimi deyil. Əlbəttə, “Barselona” gələndə təbii ki, stadiona 60 mindən çox azarkeş toplaşır. Beynəlxalq oyunlara böyük maraq göstərilir, amma daxili çempionatda bunu görə bilmirik. Hətta Azərbaycan millisinin oyunlarında da 1000-dən çox azarkeş görmürəm. Müsbət məqamlar da var. Məsələn, “Kəpəz” və “Turan Tovuz”un oyunlarında yerli azarkeşlərin komandalarını necə möhtəşəm dəstəklədiklərini görürük. Bakıda isə vəziyyət fərqlidir. Bəlkə də burada çoxlu komanda var, bəlkə də azarkeşləri stadiona cəlb etmək üçün daha yaxşı iş görülməlidir. Amma mən hansı çağırışı edim? Məsələn, deyim ki, bazar ertəsi “İmişli” ilə oyuna gəlin, bizi dəstəkləyin? Bilmirəm, bu çağırışıma kim qulaq asacaq və kim stadiona gələcək.

– Ola bilərmi ki, azarkeşlərin stadiona az gəlməsinin səbəbi stadionların yerləşdiyi ərazilərin uzaq olmasıdır?

– Bakı çox böyük şəhərdir. Onda nə etməliyik? Stadionları insanların ayağınamı gətirək, yoxsa fərqli yerlərdə oynamayaq? Biz nə edə bilərik? Stadion şimalda yerləşsə, cənubda yaşayanlar uzaq olduğunu deyəcəklər. Qərbdə və ya şərqdə olsa, yenə eyni məsələ ortaya çıxacaq. Onda Qız qalasının yanında stadion tikməliyik ki, hamı piyada gəlib oyuna baxsın? “Qalatasaray”, “Fənərbağça” və “Beşiktaş”ın stadionları azarkeşlərə yaxın yerlərdə deyil. Azarkeşlər komandalarını sevdikləri üçün stadiona gəlirlər. Eyni vəziyyəti bizdə də görmək istərdik. Biz sadəcə, “Sabah”dan danışırıq. Amma eyni vəziyyəti “Qarabağ” da yaşayır. Ardıcıl 13 mövsüm avrokuboklarda mübarizə aparıblar, amma daxili çempionat oyunlarında bəzən stadionda cəmi 500-600-700 azarkeş olur. “Neftçi”ni futbolumuzun flaqmanı hesab edirik. Buna baxmayaraq, stadion şəhərin mərkəzində yerləşsə də, komandanı dəstəkləməyə az azarkeş gəlir.

– Futbolçuların icarə əsasında çıxış etdikləri klublarda sabiq komandalarına qarşı oynamaması futbol ictimaiyyətində tez-tez müzakirə olunur. Bu gün Abdulla Rzayev də “Sabah”a qarşı meydana çıxmadı. Bu məsələyə münasibətiniz necədir?

– Mənim üçün bu, tamamilə normal haldır. Düşünürəm ki, belə də olmalıdır. Çünki oyunçuların sabiq komandalarına qarşı necə motivasiyalı çıxış etdiklərini görürük. Bəzən icarəyə verilən futbolçular da bu cür oynamağa çalışırlar. Halbuki bunu həmin komandada olduğu vaxt, məşqlərdə və təlim-məşq toplanışlarında etməli idi. Birdən-birə başqa komandaya icarəyə gedəndən sonra sabiq klubuna qarşı daha motivasiyalı olacağını demək düzgün deyil. Mən bunu tamamilə normal qəbul edirəm. (Sportify.az)

Mənbə: Publika.az · 28.11.2026, 22:48 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az saytında oxu