3800 il əvvələ aid borc dəftəri tapıldı: Hesab pivə ilə də bağlanırmış

· 1 mənbə

İraqın paytaxtı Bağdadın kənarında yerləşən qədim Tell-Məhəmməd şəhərində arxeoloqlar təxminən 3800 il əvvələ aid mixi yazılı gil lövhə aşkar ediblər. Lövhədə arpa və pivə borcuna dair müqavilə əks olunub. Tapıntı Babil hökmdarı Hammurapinin hakimiyyəti dövründə Mesopotamiya sakinlərinin gündəlik həyatı və iqtisadi münasibətləri barədə maraqlı məlumatlar ortaya çıxarıb.

Publika.az xəbər verir ki, 2026-cı ildə aparılan qazıntılar zamanı tədqiqatçılar, həmçinin qalınlığı təxminən 5 metr olan şəhər divarının bir hissəsini və yağış sularının toplanması sistemini üzə çıxarıblar.

Qazıntılar Kataniya Universitetinin Nikola Lanerinin rəhbərlik etdiyi ekspedisiya tərəfindən Roma Sapienza Universitetinin tədqiqatçıları ilə birgə aparılıb. Təxminən iki ay davam edən arxeoloji işlər oktyabrın sonunda başa çatıb.

Tell-Məhəmməd Dəclə çayının şərqində, digər məşhur arxeoloji abidə olan Tell-Harmalın yaxınlığında yerləşir. Qədim dövrdə şəhərin ərazisi təxminən 25 hektar olub. Lakin bu gün onun ilkin ərazisinin yalnız beşdə biri qorunub saxlanılıb. Yaşayış məntəqəsi Bağdadın salınmasından minilliklər əvvəl mövcud olub. Xatırladaq ki, Bağdad 762-ci ildə Abbasilər xilafətinin paytaxtına çevrilib.

Hammurapi dövrünün izləri

Şəhərin çiçəklənmə dövrü eramızdan əvvəl II minilliyin birinci yarısına, o cümlədən Hammurapi və onun oğlu Samsu-ilunanın hakimiyyəti illərinə təsadüf edir. Həmin vaxt bu ərazi Dəclə çayının qollarından biri olan Diyala çayı hövzəsində yerləşən Eşnunna çarlığının tərkibinə daxil idi.

Qazıntı mövsümünün ən qeyri-adi tapıntısı isə arpa və pivə borcuna dair mixi yazılı gil lövhə olub. İşarələrin formasını araşdıran alimlər sənədin Hammurapinin və ya onun oğlunun hakimiyyəti dövrünə aid olduğunu ehtimal edirlər.

Müqavilə iki şahidin iştirakı ilə bağlanıb. Sənəddə pivənin bir növü akkad dilində “kurunnum” sözü ilə ifadə olunub. Tədqiqatçıların məlumatına görə, bu, içkinin müəyyən kateqoriyasına aid olub. Lakin onun necə istehsal edildiyini və hazırlanma üsulunun müasir pivə istehsalına nə dərəcədə bənzədiyini dəqiq müəyyənləşdirmək hələlik mümkün deyil.

Qədim Mesopotamiyada arpa və pivə təsərrüfat həyatında mühüm yer tuturdu. Onlardan hesablaşma vasitəsi kimi də istifadə edilirdi. İşçilərə əməkhaqqı əvəzinə ərzaq payı kimi arpa və pivə verilə, borc şəklində təqdim olunan məhsulların isə faizlə geri qaytarılması tələb oluna bilərdi.

Gil lövhədə Babilin himayədar tanrısı Mardukun adını ehtiva edən şəxsi ada da rast gəlinib. Kataniya Universitetinin məlumatına görə, Tell-Məhəmməddən tapılmış əvvəlki lövhələr arasında belə ada indiyədək rast gəlinməyib.

Qədim pivəxana, yoxsa çörəkbişirmə yeri?

Tapıntının aşkarlandığı məkan da xüsusi maraq doğurur. Gil lövhə yemək hazırlamaq üçün istifadə oluna biləcək bir otağın döşəməsində tapılıb.

Binada küçəyə tərəf yönəlmiş yarımdairəvi kərpic konstruksiya, dörd dairəvi qurğu və gil hövzə aşkar edilib. Ur və Nippur da daxil olmaqla digər Mesopotamiya abidələrində də oxşar tikililərə rast gəlinib. Onların çörək və ya pivə istehsalında istifadə oluna biləcəyi ehtimal edilir.

Bununla belə, arxeoloqlar burada qədim meyxana, pivə istehsalı müəssisəsi, yoxsa çörəkbişirmə yeri fəaliyyət göstərdiyini hələ müəyyənləşdirə bilməyiblər. Bu suala cavab tapmaq üçün tədqiqatçılar qurğuların daxilində qalmış maddələrin tərkibini araşdırmağı planlaşdırırlar.

Qazıntılar zamanı ikinci gil lövhə də tapılıb. Lakin bu sənəd daha sonrakı dövrə aiddir və xeyli zədələnmiş vəziyyətdədir. Onun üzərində arpa və küncüt də daxil olmaqla müxtəlif məhsulların bölüşdürülməsi barədə məlumatlar yer alır.

5 metrlik şəhər divarı və gizli su sistemi

Arxeoloqların digər mühüm kəşfi qalınlığı təxminən 5 metr olan şəhər divarının bir hissəsidir. Tədqiqatçılar divarın 100 metrdən çox hissəsinin izini tapa biliblər.

Ehtimal olunur ki, müdafiə qurğusu eramızdan əvvəl XX–XIX əsrlərdə, İsin-Larsa dövründə inşa edilib, sonralar isə Hammurapinin hakimiyyəti illərində də istifadə olunub.

Bundan başqa, monumental tikilinin küncü və bastionla qorunan kiçik ikinci dərəcəli darvaza aşkar edilib. Divarın yaxınlığında geniş yanğın izləri də müəyyən olunub. Lakin yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Qazıntılar zamanı qədim şəhərin su təminatı ilə bağlı düşünülmüş sistemin mövcudluğunu göstərən tapıntı da üzə çıxıb. Arxeoloqlar qamış həsirlərdən və gildən hazırlanmış kanal aşkarlayıblar. Bu qurğu yağış sularını şəhər divarının daxilində yerləşən böyük su anbarına yönəltmək üçün nəzərdə tutulub.

Belə sistem həm su ehtiyatlarının toplanmasına, həm də yağış sularının nəzarətsiz şəkildə ərazidə yığılmasının qarşısının alınmasına imkan verirdi.

3800 il əvvəlki həyatın izləri araşdırılır

Tell-Məhəmməddə arxeoloji tədqiqatlar 2022-ci ildən aparılır. Alimlər hesab edirlər ki, gələcək qazıntılar qədim şəhərin təsərrüfat həyatı, müdafiə sistemi və sakinlərinin gündəlik məşğuliyyətləri barədə daha ətraflı təsəvvür yaratmağa kömək edəcək.

Təxminən dörd min il əvvəl mövcud olmuş bu şəhərdə tapılan borc müqaviləsi, pivə istehsalı ilə əlaqələndirilən qurğular, müdafiə divarları və su toplama sistemi Mesopotamiya sivilizasiyasının gündəlik həyatına dair mühüm tarixi mənzərə yaradır.

Müəllif: Adəm Abbaslı

Mənbə: Publika.az · 25.11.2026, 09:54 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az saytında oxu