ABŞ “Nvidia” qalmaqalından sonra “Alibaba”nın törəmə şirkətini və “Megaspeed”i qara siyahıya salıb

· 1 mənbə

ABŞ administrasiyası qabaqcıl süni intellekt çiplərinin Çinə qanunsuz ötürülməsi şübhələri fonunda Sinqapurda fəaliyyət göstərən “Megaspeed International” və Çinin “Alibaba Group” şirkətinə məxsus “Apex Enterprise Solutions” müəssisələrini ticarət məhdudiyyətləri siyahısına daxil edib.

Banker.az (İnvestisiya) xəbər verir ki, bu barədə noyabrın 24-də “Bloomberg” ABŞ Ticarət Nazirliyinin qərarına istinadən məlumat yayıblar.

Yeni qərara əsasən, şirkətlərin ABŞ istehsalı olan qabaqcıl süni intellekt çiplərini və ixrac nəzarətinə tabe digər texnologiyaları əldə etməsi üçün xüsusi lisenziya tələb olunacaq.

ABŞ Ticarət Nazirliyi noyabrın 23-də “Megaspeed International” və onunla əlaqəli daha altı müəssisəni “Entity List” adlı ixrac məhdudiyyətləri siyahısına əlavə edib.

“Megaspeed” məlumat mərkəzləri və bulud hesablamaları sahəsində fəaliyyət göstərir. Şirkət “Nvidia”nın yüksək məhsuldarlıqlı süni intellekt prosessorlarının alıcılarından biri olub.

ABŞ hakimiyyət orqanları bu çiplərin ixrac məhdudiyyətlərindən yayınmaqla Çinə ötürülməsi ehtimalını araşdırırlar.

Siyahıya daxil edilən “Apex Enterprise Solutions” isə “Alibaba”nın Sinqapurda qeydiyyatdan keçmiş törəmə müəssisəsidir. Şirkət regionda hesablama resurslarının əldə edilməsi ilə məşğuldur və “Megaspeed”lə işgüzar əlaqələrə malik olub.

“Alibaba” qərarla razılaşmadığını bildirərək törəmə şirkətinin qabaqcıl hesablama çiplərini qanunsuz ötürməsi iddiasını rədd edib.

Qeyd edək ki, məhdudiyyətlər bütövlükdə “Alibaba Group”a deyil, siyahıya daxil edilən konkret müəssisəyə şamil olunur.

Mənbə: Banker.az · 24.11.2026, 14:23 · orijinal məqalə

Bu barədə kim yazır

Banker.az saytında oxu