Mərkəzi Bank maliyyə sektorunda süni intellektin idarə olunmasına dair tövsiyələr hazırlayır
· 1 mənbə
Bakı.Trend:
Azərbaycan Mərkəzi Bankı maliyyə sektoru iştirakçıları ilə birlikdə süni intellektin idarə olunması üzrə metodoloji tövsiyələr hazırlayır.
Trend-in müxbirinin verdiyi məlumata görə, bunu çərşənbə axşamı Bakıda keçirilən X Beynəlxalq Bankçılıq Forumunda Azərbaycan Mərkəzi Bankının "Data Science" şöbəsinin rəhbəri Ramin Dərvişov bildirib.
Onun sözlərinə görə, Mərkəzi Bank süni intellektə əsaslanan öz həllərini də tətbiq edir:
“İstifadə etdiyimiz yanaşma süni intellektin tətbiqi imkanlarının müəyyənləşdirilməsini, onların prioritetləşdirilməsini və təsdiqlənməsini, digər sistemlərlə inteqrasiyasını, daha sonra miqyasının genişləndirilməsini və mütəmadi monitorinqini əhatə edir”.
R. Dərvişov qeyd edib ki, ilkin mərhələdə hazırlanacaq müddəalar tövsiyə xarakteri daşıyacaq, lakin gələcəkdə müvafiq qaydaların tətbiqinə keçid mərhələsi olacaq.
“Bank sektoru iştirakçıları bu tövsiyələri diqqətdən kənarda qoymamalıdırlar, çünki onlar nəzarət orqanı tərəfindən hazırlanır. Təklif olunan yanaşmaların əvvəlcədən tətbiqi gələcəkdə tövsiyələr məcburi qaydalar formasına keçdikdə müsbət nəticələr verə bilər”, – deyə o bildirib.
R. Dərvişovun sözlərinə görə, maliyyə sektoru iştirakçıları üçün tövsiyə və tələblər maliyyə təşkilatının ölçüsündən asılı olmayaraq, süni intellektin konkret tətbiq istiqaməti ilə bağlı risk səviyyəsi nəzərə alınmaqla müəyyən ediləcək.
“Mərkəzi Bank sektor üçün həddindən artıq sərt qanunlar, qaydalar və tövsiyələr tətbiq etmək niyyətində deyil. Tənzimləyici qurum maliyyə sektorunun inkişafında maraqlıdır. Bununla belə, innovasiyaların dəstəklənməsi ilə potensial risklərin idarə olunması arasında tarazlığın qorunması vacibdir. İdarə olunmayan risklər sonradan çox ciddi problemlərə səbəb ola bilər. Buna görə də biz sektorun inkişafını dəstəkləməklə yanaşı, gələcəkdə yarana biləcək risklərin idarə olunması üçün yanaşmalar, qaydalar və tövsiyələr hazırlamalıyıq”, – deyə o qeyd edib.
Mənbə: Trend · 24.11.2026, 14:59 · orijinal məqalə