ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq

· 2 mənbə

Bakı. Trend:

Milli Məclis “Azərbaycan Respublikasının Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında” Sazişi ratifikasiya edib.

Trend-in müxbirinin xəbərinə görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Bildirilib ki, Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron Dəniz Blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında 2009-cu il fevralın 27-də imzalanmış Saziş üzrə podratçı tərəflər SOCAR Absheron, TotalEnergies EP Absheron B.V (TEPAB) və ADNOC International ProjectCo 1 RSC Limited (XRG) şirkətləridir.

Adıçəkilən yataqda ilkin hasilat sxemi üzrə bir quyu 2023-cü il iyulun 3-dən hasilata verilib. Neft yatağında dörd yeni quyunun işlənməsini nəzərdə tutan Tammiqyaslı İşlənmə Layihəsi üzrə Yekun İnvestisiya Qərarı 2026-cı il sentyabrın 25-də qəbul edilib. Sentyabrın 26-da isə SOCAR və podratçı tərəflər arasında dəyişdirilmiş və yeni redaksiyada tərtib edilmiş Abşeron yatağının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş imzalanıb.

Yeni redaksiya üzrə əsas dəyişiklik 1 mart 2017-ci il tarixindən başlayan işlənmə və hasilat dövrünün 30 ildən 40 ilədək uzadılmasıdır. Bu uzadılma Tammiqyaslı İşlənmə üzrə 4-cü quyunun işlənməsi və onun yaratdığı dəyərin reallaşdırılması ilə bağlıdır. Belə ki, 4-cü quyunun 2057-ci ilədək əlavə qaz hasilatını təmin etməsi və Abşeron blokundan ümumi qazçıxarma əmsalını yüksəltməsi gözlənilir. 4-cü quyunun Abşeron Tammiqyaslı İşlənmə üzrə Yekun İnvestisiya Qərarına daxil edilməsi ilə əlaqədar quyuya yatırılan investisiyaların geri qaytarılmasını təmin etmək məqsədilə Saziş üzrə işlənmə və hasilat dövrünün 10 il uzadılması razılaşdırılıb.

Dəyişdirilmiş və yeni redaksiyada tərtib edilmiş Sazişlə həmçinin Abşeron Tammiqyaslı İşlənmə Layihəsi üzrə qaz və kondensat həcmlərinin daşınması üçün müvafiq infrastruktur obyektlərinə birləşdirilməsi məqsədilə tikiləcək və podratçılar tərəfindən maliyyələşdiriləcək obyektlərin tikintisi və istismarına çəkilən xərclərin Saziş üzrə neft-qaz əməliyyatlarının məsrəfləri hesab edilməsi və əvəzi ödənilən məsrəflərə aid edilməsi nəzərdə tutulur.

Eyni zamanda, bu Sazişlə əvvəlki sazişə əlavə edilmiş altı qoşma eyni şərtlərlə saxlanılmaqla yeni redaksiyaya daxil edilib və vahid sənəddə birləşdirilib. Həmçinin, Sazişə redaktə xarakterli bəzi dəyişikliklər edilib.

“Azərbaycan Respublikasının Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “ExxonMobil Exploration Production Azerbaijan Limited” şirkəti və “Middle Kura” MMC arasında Saziş”in qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.

Mənbə: Trend · 27.11.2026, 11:47 · orijinal məqalə

Bu barədə kim yazır

Trend saytında oxu