BDU-nun yeni rektoru dekanlardan problemlər barədə açıq danışmağı istəyir

· 1 mənbə

Bakı Dövlət Universitetinin (BDU) yeni rektoru Məleykə Abbaszadə yaxın müddətdə universitetin bütün fakültələrinin vəziyyəti, problemləri, kadr və elmi potensialı barədə obyektiv məlumat əldə etmək niyyətindədir.

Banker.az xəbər verir ki, bu barədə rektor öz sosial şəbəkə hesabında BDU-dakı fəaliyyətinin ilk həftəsi ilə bağlı paylaşımında bildirib.

“Bunun üçün həmkarlarımdan dürüst, peşəkar təhlil gözləyirəm. Problemi vaxtında görmək, onun haqqında açıq danışmaq və həlli üçün təklif vermək rəhbərlik məsuliyyətinin göstəricisidir”, – deyə Abbaszadə qeyd edib.

Rektor hər bir dekanı öz fakültəsinin akademik lideri kimi gördüyünü bildirib. Onun sözlərinə görə, dekanlar təhsil proqramlarının effektivliyini, hansı tədqiqatların dəstəyə ehtiyacı olduğunu, müəllimlər və gənc alimlər üçün inkişaf imkanlarını müəyyənləşdirməlidirlər.

Abbaszadə universitetin nüfuzunun təhsilin keyfiyyəti, elmi tədqiqatların nəticələri, akademik dürüstlük və məzunların sonrakı fəaliyyəti ilə təsdiqlənməli olduğunu vurğulayıb.

Yeni rektor tələbələrin sosial mediada universitetin C bloku ilə bağlı müraciətini də nəzarətə götürdüyünü açıqlayıb. Məsələ ilə bağlı ayrılan işçi qrupu əraziyə baxış keçirəcək və nəticələrə uyğun olaraq müvafiq işlərə başlanılacaq.

Xatırladaq ki, Məleykə Abbaszadə Prezident İlham Əliyevin 19 noyabr 2026-cı il tarixli sərəncamı ilə BDU-nun rektoru təyin edilib. O, 2000–2016-cı illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına, 2016–2026-cı illərdə isə Dövlət İmtahan Mərkəzinə rəhbərlik edib.

Mənbə: Banker.az · 27.11.2026, 11:49 · orijinal məqalə

Bu barədə kim yazır

Banker.az saytında oxu