Azərbaycanın xaricə kafel və metlaq ixracı 2,3 dəfə artıb
· 1 mənbə
Azərbaycan 2026-cı ilin ilk 3 rübündə keramik döşəmə və divar plitələrinin ixracını 2,3 dəfə artıraraq 9,67 milyon ABŞ dollarına çatdırıb. Ötən ilin müvafiq dövründə xaricə 4,23 milyon dollarlıq məhsul göndərilmişdi. İxracın dəyəri 128,7% və ya 5,44 milyon dollar artıb.
Banker.az xəbər verir ki, keramik plitələrin fiziki ixrac həcmi 894,2 min kvadratmetrdən 1,96 milyon kvadratmetrə yüksəlib. Artım 119,7% təşkil edib.
Əsas alıcı Rusiya olub. Bu ölkəyə 9,09 milyon dollarlıq məhsul ixrac edilib. Rusiyanın ümumi ixrac dəyərində payı 94% təşkil edib.
Hesablamalara görə, bir kvadratmetr keramik plitənin orta ixrac dəyəri 2025-ci ildəki 4,73 dollardan 2026-cı ildə 4,92 dollara yüksəlib. İllik artım 4,1% olub.
Dövlət Statistika Komitəsinin sənaye göstəricilərinə əsasən, 2026-cı ilin ilk doqquz ayında Azərbaycanda təxminən 5,03 milyon kvadratmetr minalanmış keramik üzlük plitəsi istehsal edilib. Ötən ilin eyni dövründə bu məhsulun istehsalı 3,95 milyon kvadratmetr idi. Artım 27,3% təşkil edib.
Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən “Azərbaycan Vanhong Ceramics Co.” MMC yerli istehsalçılardan biridir. Şirkət Rusiya, Belarus, Gürcüstan, Özbəkistan və Qazaxıstana məhsul göndərdiyini açıqlayıb.
Müəssisə döşəmə və divar plitələrinin müxtəlif ölçü və dizaynlarda istehsalı ilə məşğuldur.
Şirkətin məlumatına əsasən, müəssisəyə yatırılmış investisiyaların ümumi məbləği 85 milyon manatı ötür. Zavod Çin kapitalı hesabına yaradılıb.
Mənbə: Banker.az · 26.11.2026, 11:39 · orijinal məqalə