Bethovenin karlığının mümkün səbəbi - 220 il sonra üzə çıxdı
· 1 mənbə
Dahi alman bəstəkarı Lüdviq van Bethovenin uzun illər sirr olaraq qalan sağlamlıq problemləri ilə bağlı yeni faktlar ortaya çıxıb. Təxminən 200 il qorunub saxlanılan saç nümunələrinin araşdırılması onun xəstəliklərinin mümkün səbəblərinə işıq salıb.
Milli.Az xəbər verir ki, 2023-cü ildə aparılan genetik analizlər zamanı Bethovenə aid olduğu düşünülən bəzi saç nümunələrinin əslində başqa insanlara məxsus olduğu müəyyən edilib. Bəstəkara aid olduğu təsdiqlənən nümunələrdə isə Hepatit B virusunun izləri aşkarlanıb. Alimlər bu infeksiyanın onun qaraciyərinə ciddi zərər vurmuş ola biləcəyini düşünürlər.
2024-cü ildə yayımlanan başqa bir araşdırmada isə saç nümunələrindən birində qurğuşunun miqdarının normadan 95 dəfə çox olduğu müəyyənləşdirilib. Həmçinin yüksək səviyyədə arsen və civə izlərinə rast gəlinib.
Tədqiqatçıların fikrincə, qurğuşun zəhərlənməsi Bethovenin eşitmə qabiliyyətini itirməsinə, güclü qarın ağrılarına və həzm problemlərinə səbəb olmuş ola bilər.
Qeyd edək ki, Bethoven 1827-ci ildə vəfat edib. Buna baxmayaraq, onun ölümünün dəqiq səbəbi hələ də tam aydın deyil. Alimlər Hepatit B infeksiyası və ağır metal təsirinin bəstəkarın səhhətini pisləşdirmiş ola biləcəyini, lakin bunların ölüm səbəbini qəti şəkildə izah etmədiyini bildirirlər.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
Mənbə: Milli.az · 28.11.2026, 16:41 · orijinal məqalə