Dürüst insanı necə tanımaq olar? - 10 göstərici

· 1 mənbə

İnsan qarşındakının dürüst olub-olmadığını necə müəyyən edə bilər? Onun gözlərinə baxmaqla, danışıq tərzini izləməklə, yoxsa verdiyi vədləri yerinə yetirib-yetirmədiyini müşahidə etməklə?

Gündəlik həyatda yalan danışan insanı tanımaq üçün müxtəlif üsullar tətbiq edilir. Gözlərini qaçıran, əllərini çox hərəkət etdirən, üzünə toxunan və ya danışarkən həyəcanlanan adam mütləq nəyisə gizlədir.

Dürüstlüyü müəyyənləşdirmək üçün insanın müəyyən zaman ərzində formalaşan xarakterinə, sözlə əməl arasındakı münasibətə və çətin vəziyyətlərdə verdiyi qərarlara baxmaq lazımdır.

Dedikləri ilə etdikləri üst-üstə düşür

Dürüst insanın ən mühüm göstəricisi söz və əməl birliyidir. O, verdiyi vədi yalnız qarşı tərəfin gözündə yaxşı görünmək üçün vermir. İmkanı daxilində sözünün arxasında dayanır. Bir insanın dürüstlüyünü onun gözəl danışığında axtarmaq yanlışdır. Onun dediklərinin nə qədərinin həyata keçdiyi ilə ölçmək lazımdır. Bu gün verdiyi söz sabah unudulursa, eyni məsələ ilə bağlı müxtəlif vaxtlarda fərqli mövqelər sərgiləyirsə, burada diqqətli olmaq üçün əsas var. Sosioloji baxımdan etimadın əsasını proqnozlaşdırıla bilən davranış təşkil edir. İnsanın gələcəkdə necə davranacağını onun əvvəlki davranışlarına əsasən müəyyən qədər təxmin edə bilirik.

Səhvini etiraf etməkdən çəkinmir

Dürüst insan səhv etdikdə bunu qəbul edə bilən insandır. Belə adam məsuliyyəti başqasının üzərinə atmağa, hadisələri öz xeyrinə yozmağa və hər vəziyyətdə özünü haqlı göstərməyə çalışmır. “Mən səhv etmişəm”, “Bunu düzgün qiymətləndirməmişəm” və ya “Bilmirəm” deməyi bacarır. Psixoloji baxımdan bu xüsusiyyət insanın özünüdərk və məsuliyyət hissi ilə əlaqəlidir. Səhvi qəbul etmək insanın nüfuzunu azaltmır, əksinə, onunla münasibətdə etibarlılıq yaradır.

Maraqları ilə prinsipləri toqquşanda necə davranır?

İnsanın əsl xarakteri seçim qarşısında qalanda üzə çıxır. Məsələn, həqiqəti söyləmək ona maddi zərər gətirəcəksə, yenə də doğru danışacaqmı? Öz xeyrinə istifadə edə biləcəyi fürsətdən başqasının haqqına girdiyi üçün imtina edəcəkmi? Dürüstlük məhz belə məqamlarda sınaqdan keçir. Çünki prinsiplərə sadiqlik rahat şəraitdə rahat qoruna bilir, şəxsi maraqlarla ziddiyyət yarananda gerçək tərəf görünür.

Vəzifəsindən və sosial statusundan asılı olmayaraq insanlara eyni münasibəti göstərir

İnsanların xarakterini anlamağın yollarından biri onların özündən zəif mövqedə olanlarla davranışına baxmaqdır. Rəhbərlə nəzakətli, xidmət göstərən şəxslə kobud, imkanlı adamla mehriban, köməyə ehtiyacı olanla laqeyd davranan insanın münasibətində ciddi ziddiyyət var. Dürüstlük başqasının ləyaqətinə də hörmət etməkdir. İnsanın sosial statusu dəyişəndə ona göstərilən münasibət də dəyişirsə, bu, xarakter haqqında düşünməyə əsas verir.

Başqasının etibar etdiyi sirri öz marağına çevirmir

İnsan bəzən ən həssas məlumatlarını yaxın bildiyi şəxslə bölüşür. Dürüst insan bu etimadı fürsətə çevirmir. O, başqasının sirrini mübahisədə silah kimi istifadə etmir, şəxsi məlumatları yaymaqla üstünlük qazanmağa çalışmır. Hətta münasibətlər pozulanda belə, əvvəllər ona etibar edilmiş məlumatların məsuliyyətini anlayır. Bu, psixologiyada münasibətlərarası etimadın mühüm tərəflərindən biridir. Çünki etibarlı münasibət qarşı tərəfin həssaslığının qorunmasından da yaranır.

Tənqid qarşısında dərhal aqressivləşmir

Dürüst insan tənqidi həmişə xoş qarşılamaya bilər. Ancaq hər iradı şəxsi hücum kimi qəbul etmir. O, fikrin əsaslı olub-olmadığını anlamağa çalışır, arqumentlə cavab verir, lazım gəldikdə mövqeyini dəyişir. Özünü müdafiə etmək üçün qarşı tərəfi alçaltmağa, mövzunu yayındırmağa və ya hücuma keçməyə ehtiyac duymur.

Burada vacib məqam budur ki, insanın tənqidə əsəbiləşməsi avtomatik olaraq onun qeyri-dürüst olduğunu göstərmir. Əsas məsələ emosional reaksiyadan sonra necə davranması, faktları qəbul edib-etməməsi və məsuliyyətdən yayınmamasıdır.

Bilmədiyi məsələ barədə özünü mütəxəssis kimi göstərmir

“Bilmirəm” demək də dürüstlüyün göstəricisidir. Hər mövzuda fikir bildirməyə, hər suala cavab verməyə çalışan insan bəzən özünü olduğundan daha bilikli göstərir. Dürüst insan isə məlumatı olmadığı məsələ barədə qəti hökm vermir, şübhəsini bildirir, araşdırmağa ehtiyac olduğunu qəbul edir. Bu xüsusiyyət intellektual dürüstlük adlanır. İnsan öz biliyinin sərhədlərini tanıyır və həqiqəti şəxsi nüfuzundan üstün tutur.

Bədən dili ilə sözləri arasında ciddi ziddiyyətlərə diqqət yetirmək olar, amma təkcə jestlərə güvənmək olmaz

Bədən dili ünsiyyətin mühüm hissəsidir. Səs tonu, danışıq tempi, mimika və jestlər insanın emosional vəziyyəti haqqında müəyyən məlumat verə bilir.

Özündən zəif olan insanın haqqını qoruyur

İnsanın dürüstlüyünü onun güclü insanlarla münasibətindən daha çox, müdafiəsiz insanlarla davranışında görünür. O, özündən asılı vəziyyətdə olan şəxsin hüququnu tapdalamır, işçinin əməyini mənimsəmir, köməyə ehtiyacı olan insanın vəziyyətindən istifadə etmir. Dürüstlük yalnız qarşılıqlı maraq olan münasibətlərdə deyil, heç bir qarşılıq gözlənilməyən situasiyalarda da özünü göstərməlidir.

Heç kimin görmədiyi yerdə də eyni insandır

Bəlkə də dürüstlüyün ən çətin sınağı budur. İnsanların qarşısında ədalətli görünmək asandır. Əsl məsələ heç kim görməyəndə də eyni prinsiplərlə davranmaqdır. İmkan olduğu halda başqasının haqqına girməmək, nəzarət olmadığı zaman da məsuliyyətli olmaq, qazanc əldə etmək üçün həqiqəti təhrif etməmək – bunlar xarakterin dərinliyini göstərən davranışlardır. Dürüstlük insanın başqalarının münasibətindən asılı olmayan daxili prinsipidir.

Sevinc MƏHƏRRƏMOVA

Mənbə: Modern.az · 28.11.2026, 16:44 · orijinal məqalə

Bu barədə kim yazır

Modern.az saytında oxu