Masato Kanda ADB-də ikinci səlahiyyət müddətinə Asiya üçün vahid gələcək konsepsiyası ilə başlayıb

· 1 mənbə

Asiya İnkişaf Bankının (ADB) prezidenti Masato Kanda növbəti beşillik müddətə vəzifəsinin icrasına başlayaraq, Bankın artan maliyyə imkanlarından istifadə etməklə Asiya-Sakit okean regionunda transsərhəd əməkdaşlığın dərinləşdirilməsini hədəfləyir.

"Report" ADB-yə istinadən xəbər verir ki, qarşıdakı beş il üçün fəaliyyətin əsas strateji istiqaməti "Vahid region – vahid ümumi gələcək" konsepsiyası müəyyən edilib. Bu konsepsiya energetika, ticarət və rəqəmsal infrastruktur sahəsində əməkdaşlığın genişləndirilməsi, eləcə də bankın öz fəaliyyətinin səmərəliliyinin artırılması vasitəsilə regionun iqtisadi dayanıqlığının möhkəmləndirilməsinə yönəlib.

"Biz daha milyonlarla insanı əlçatan elektrik enerjisi ilə təmin etmək, biznes üçün yeni imkanlar açmaq, dayanıqlılığı artırmaq və qarşıdan gələn sarsıntılardan müdafiəni gücləndirmək üçün iqtisadiyyatlarımızı yaxınlaşdırmalıyıq", - M. Kanda qeyd edib.

2025-ci ilin yekunlarına görə, ADB inkişaf məqsədləri üçün rekord məbləğdə – 44 milyard ABŞ dolları vəsait ayırıb, bunun 29,3 milyard ABŞ dollarını bankın öz vəsaitləri təşkil edib, 14,7 milyard ABŞ dolları isə birgə maliyyələşdirmə mexanizmləri vasitəsilə cəlb olunub. Bundan əlavə, M. Kandanın rəhbərliyi dövründə qurumun 60 illik tarixində ilk dəfə ADB-nin nizamnaməsinə düzəliş təsdiqlənib, bunun sayəsində səhmdarlardan əlavə kapital cəlb etməyə ehtiyac qalmadan illik maliyyələşdirmə həcmi 50 % artaraq 36 milyard ABŞ dollarını ötüb. Genişləndirilmiş maliyyə resurslarının irimiqyaslı regional təşəbbüslərə yönəldilməsi nəzərdə tutulur.

Xüsusilə, may ayında ADB enerji sistemlərinin və rəqəmsal şəbəkələrin inteqrasiyası məqsədilə 2035-ci ilə qədər 70 milyard ABŞ dollarının cəlb edilməsi planlarını elan edib. Qeyd olunan məbləğdən 50 milyard ABŞ dolları 200 milyon insanı əhatə edəcək Elektrik Şəbəkələrinin İnkişafı üzrə Panasiya Təşəbbüsü üçün, 20 milyard ABŞ dolları isə 650 milyon insan üçün rabitəni yaxşılaşdırmaq, o cümlədən 200 milyon yeni istifadəçinin genişzolaqlı internetə çıxışını təmin etmək məqsədi daşıyan Asiya-Sakit Okean Rəqəmsal Magistralı üçün nəzərdə tutulub. Bank, həmçinin öz resurslarını tərəfdaşların investisiyaları ilə birləşdirərək 2030-cu ilə qədər özəl sektorun kreditləşdirilməsi həcmini dörd dəfə artırmağı hədəfləyir.

2025-ci ildə ADB vasitəsilə özəl investisiyaların maliyyələşdirilməsi bir il əvvəlki 6,8 milyard ABŞ dolları ilə müqayisədə 9,5 milyard ABŞ dollarına çatıb. Bankın dövlət sektorundakı layihələrinin 40 %-dən çoxunun da özəl sahibkarlığın inkişafına töhfə verəcəyi ehtimal olunur.

M. Kanda 2025-ci il fevralın 24-də ADB-nin 11-ci prezidenti olub. Bu təyinatdan əvvəl o, Yaponiyanın maliyyə nazirinin beynəlxalq məsələlər üzrə müavini vəzifəsini tutub, həmçinin ölkənin baş nazirinin və maliyyə nazirinin xüsusi müşaviri funksiyalarını yerinə yetirib. ADB 1966-cı ildə təsis edilib, onun səhmdarları 50-si Asiya-Sakit Okean regionunda yerləşən 69 dövlətdir.

Mənbə: Report · 24.11.2026, 15:05 · orijinal məqalə

Bu barədə kim yazır

Report saytında oxu