Papanın tortu ölkəni qarışdırdı: Xüsusi maşınla Vatikana göndərilib, bu qədər xərc çəkilib
· 1 mənbə
Almaniyanın Saksoniya əyalətinin baş naziri Maykl Kreçmerin Papa XIV Leoya göndərdiyi Milad hədiyyəsi ölkədə müzakirələrə səbəb olub.
Publika.az yerli KİV-ə istinadən xəbər verir ki, Kreçmer sentyabr ayında Vatikana səfəri zamanı özü ilə Milad tortu aparmaq istəyib.
Lakin tortun üzərindəki şəkər pudrasının təyyarədə zədələnəcəyindən ehtiyat edərək onu xidməti avtomobillə Vatikana göndərib. Baş nazir və nümayəndə heyəti isə səfərə təyyarə ilə yollanıb.
Almaniyadan təxminən 1300 kilometr uzaqlıqda yerləşən Vatikana tortun çatdırılması üçün çəkilən xərc 923 avro (təxminən 1720 manat) təşkil edib. Məbləğə yanacaq, yol və parklanma haqları, sürücünün gecələmə xərcləri və gündəlik ezamiyyə pulu daxil olub.
Məsələ deputat Riko Gebhardın təqdim etdiyi yazılı sorğudan sonra üzə çıxıb. Məlum olub ki, avtomobildə tortla yanaşı, doğrama taxtası, bıçaq, digər hədiyyələr, Saksoniya bayrağı və rəsmi görüşlərə aid sənədlər də daşınıb.
Hadisə sosial şəbəkələrdə dövlət vəsaitlərinin israfı kimi qiymətləndirilib. Tənqidlərə məruz qalan Kreçmerə qarşı istefa çağırışları səsləndirilib.
Müəllif: Roza
Mənbə: Publika.az · 26.11.2026, 17:28 · orijinal məqalə