"Qalatasaray"ın keçmiş prezidenti illər sonra elə etiraflar səsləndirdi ki...
· 1 mənbə
“Qalatasaray”ın sabiq prezidenti Burak Elmas illər sonra Gedson Fernandesin transferinin baş tutmamasının səbəblərini açıqlayıb. O, Fatih Terimlə yolların ayrılması, Okan Burukun komandaya gəlişi və Pep Qvardiola ilə söhbəti barədə də danışıb.
Publika.az xəbər verir ki, Elmas “SporON”un “YouTube” kanalına müsahibəsində həmin dövrdə yaşanan hadisələrə aydınlıq gətirib.
Sabiq prezident bildirib ki, “Qalatasaray” Gedson Fernandesin transferində maraqlı olsa da, “Benfika” futbolçunu satmaq və ya icarəyə vermək istəməyib. Hətta Fatih Terimin “Benfika”nın prezidenti Rui Koşta ilə danışmasına baxmayaraq, portuqaliyalılar mövqelərini dəyişməyiblər.
Elmasın sözlərinə görə, sonradan transfer üçün yeni imkan yaransa da, maliyyə şərtləri buna mane olub:
“Vasitəçilərdən Gedsonun hazır olduğu barədə mesaj aldıq. Lakin onun müqaviləsinin 50 faizinə görə 7,5 milyon avro tələb olunurdu. Həmin vaxt artıq növbəti mövsümün heyətini formalaşdırmağa başlamışdıq. Luis Kamposla məsləhətləşdik və yüksək məbləğ ödəməkdənsə, daha münasib alternativ tapmağa qərar verdik”.
Burak Elmas Okan Burukun təyinatı ilə bağlı da maraqlı açıqlama verib. O bildirib ki, məşqçi həmin vaxt komandaya gətirilsəydi, azarkeşlərin təzyiqi ilə üzləşə və ciddi tənqidlərə məruz qala bilərdi.
“Okan Buruku yaxşı ki, həmin vaxt gətirməmişik. Əgər o, altı ay əvvəl komandaya gəlsəydi, onu da param-parça edərdilər. Onun gəliş vaxtı həm klub, həm də özü üçün daha uyğun oldu”, deyə Elmas bildirib.
Sabiq prezident məşqçi axtarışı zamanı Rocer Şmidt və Pep Qvardiola ilə də danışdığını açıqlayıb. Onun sözlərinə görə, Qvardiola köməkçisi Domenek Torrent haqqında yüksək fikirlər səsləndirib və onun futbol biliyini xüsusi vurğulayıb.
Elmas Fatih Terimlə yolların ayrılması qərarından peşman olmadığını da bildirib. O, bu qərarın çətin olduğunu, lakin prezident kimi klubun gələcəyini düşünərək hərəkət etməli olduğunu söyləyib.
“Fatih Terim mənim üçün də hər bir “Qalatasaray” azarkeşi üçün ifadə etdiyi dəyəri daşıyır. Ancaq prezident postunda oturursunuzsa, klub üçün doğru hesab etdiyiniz qərarı verməlisiniz. Bu qərar onun dəyərini azaltmır”, deyə sabiq prezident qeyd edib.
Burak Elmas, həmçinin “Fənərbağça”nın sabiq prezidenti Ali Koçla münasibətlərindən danışıb. O, türk futbolundakı hakimlik və yayım problemlərinin həlli üçün iki klubun birlikdə hərəkət etməsini təklif etdiyini, rəqabətin isə meydanda qalmasının vacibliyini söylədiyini bildirib.
Mənbə: Publika.az · 28.11.2026, 16:43 · orijinal məqalə