Rusiya Türkiyəyə qaz ixracı müqaviləsini daha üç il uzadıb – LNG tədarükü də başlayır
· 1 mənbə
Rusiyanın “Qazprom” şirkəti Türkiyənin dövlət enerji şirkəti BOTAŞ ilə təbii qaz tədarükünə dair müqaviləni daha üç il müddətinə uzadıb. Bundan əlavə, Rusiyanın “Novatek” şirkəti 2027-ci ilin yanvarından Türkiyəyə mayeləşdirilmiş təbii qaz (LNG) ixracına başlayacaq.
Banker.az xəbər verir ki, bu barədə noyabrın 27-də Rusiya baş nazirinin müavini Aleksandr Novak İstanbulda keçirilən Rusiya–Türkiyə Biznes Forumu çərçivəsində bildirib.
Novakın sözlərinə görə, “Qazprom” və BOTAŞ arasında müqavilənin uzadılması artıq rəsmiləşdirilib. Yeni razılaşmada qaz tədarükünün həcmi və mövcud kommersiya şərtləri dəyişməz saxlanılıb.
Rusiya Türkiyəyə təbii qazı Qara dənizin dibindən keçən “Mavi axın” və “Türk axını” boru kəmərləri vasitəsilə nəql edir.
“Türk axını”nın illik ötürmə gücü 31,5 milyard, “Mavi axın”ın isə 16 milyard kubmetrdir. “Türk axını”nın iki xəttindən biri Türkiyəni, digəri isə Cənub-Şərqi Avropa ölkələrini qazla təmin edir.
2025-ci ildə Rusiya Türkiyəyə təxminən 21 milyard kubmetr qaz ixrac edib. 2026-cı ilin yanvar-oktyabr aylarında isə tədarük təxminən 15 milyard kubmetr təşkil edib.
Novak həmçinin bildirib ki, “Novatek” Türkiyəyə LNG tədarükü üzrə müqavilə imzalayıb və ilk çatdırılmalar 2027-ci il yanvarın 1-dən başlayacaq. İlkin həcmlər kiçik olsa da, gələcəkdə artırılması nəzərdə tutulur.
Mənbə: Banker.az · 27.11.2026, 15:51 · orijinal məqalə