Şəhid anasının ziyarət etdiyi qazi ilə bağlı

· 1 mənbə

Füzuli rayonu uğrunda gedən döyüşlərdə boynundan ağır güllə yarası alan qazi Həsrət Quliyevin müalicəyə və əməliyyata ehtiyacı var.

“Qafqazinfo” xəbər verir ki, bu barədə onu ziyarət edən şəhid anası Vəfa İsmayılova məlumat yayıb.

44 günlük Vətən müharibəsində şəhid olan İzzət Həmidovun anası V.İsmayılova qazinin vəziyyətinə biganə qala bilmədiyini bildirib. O, Vətən uğrunda sağlamlığını itirən şəxslərin müalicəsinin fərdi ianələrlə deyil, rəsmi qurumların və xəstəxanaların dəstəyi ilə həll olunmasının vacibliyini vurğulayıb.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, həmin qazi hazırda Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alır: “1998-ci il təvəllüdlü kişi 17.11.2026-cı il tarixində saat 16:00 radələrində Mərkəzi Neftçilər Xəstəxanasının Urologiya şöbəsinə planlı qaydada stasionar müalicə üçün yerləşdirilib.

Böyrək və sidik axarı daşı diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Müvafiq müalicə tədbirləri başa çatdıqdan pasiyent üzərində cərrahi müdaxilənin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, sözügedən şəxs cərrahi əməliyyat olunmaq üçün icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində özəl tibb müəssisəsinə göndərişlə təmin olunacaq”.

Qazinin maddi vəziyyəti ilə bağlı Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə də müraciət etdik. Qurumun İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Tural Qurbanov müraciətimizə cavab olaraq bildirdi ki, Sumqayıt şəhər sakini, 1998-ci il təvəllüdlü Quliyev Həsrət Həsən oğluna 2022-ci ildən müharibə ilə əlaqədar I dərəcə əlillik təyin edilib: “Ona 8800 manat birdəfəlik sığorta ödənişi edilib və hər ay pensiya və təqaüd olaraq 2362,86 manat aylıq ödəniş edilir. Həsrət Quliyevin müalicəsi üçün ardıcıl dəstək tədbirləri görülüb, "YAŞAT" Fondu tərəfindən xaricdə və ölkəmizdə müalicə, dərman xərclərinin qarşılanması, ev təmiri və s. üçün ümumilikdə 575 min manat yardım edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onu minik avtomobili, açıq və qapalı məkanda istifadə üçün 2 ədəd təkərli oturacaqla təmin edib, ötən il Sumqayıt Reabilitasiya Mərkəzində 14 gün reabilitasiya xidməti alıb.

Həsrət Quliyev 3 nəfər ailə tərkibi (özü, anası, bacısı) ilə Abşeron rayonunda yeni yaşayış kompleksindən ikiotaqlı mənzil təklif edilsə də, yaşadığı Sumqayıt şəhərində üçotaqlı mənzillə təmin edilməsini istəyib. Bununla əlaqədar növbəti mərhələdə mənzillə təminat həyata keçirildikdə ona yenə də mənzil təklif ediləcək.

Atası vəfat edib, anası evdar qadındır və əlilliyi olan şəxsə qulluqla əlaqədar 120 manat aylıq təqaüd alır”.

Həsrət Quliyevin səhhəti və müalicəsi ilə əlaqədar “YAŞAT” Fonduna da üz tutduq. Fonddan müraciətimizə belə cavab verildi: “Birinci dərəcəli müharibə əlili Həsrət Quliyev Həsən oğlunun “YAŞAT” Fonduna məişət şəraitinin yaxşılaşdırılması, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqamətləri üzrə müraciətləri daxil olub. Məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə daxil olan müraciətinə əsasən onun hesabına 2023-cü il 23 iyun tarixində 5 000 AZN vəsait köçürülüb.

Həsrət Quliyevin müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti çərçivəsində daxil olmuş müraciətlərinə əsasən onun müalicə prosesinin böyük hissəsi Türkiyə Respublikasında həyata keçirilib. Beləki, 2021-ci ilin 18 fevral tarixindən 2022-ci ilin 17 mart tarixinədək və 2022-ci ilin 7 aprel tarixindən 2023-cü ilin 13 yanvar tarixinədək şəxsin müalicəsi adıçəkilən ölkədə aparılıb və ölkə xaricində aparılan müalicələri üzrə Fondun büdcəsindən 563 674.27 AZN vəsait aidiyyəti üzrə xərclənib.

Eyni zamanda, Həsrət Quliyevin ölkə daxilində aparılan müalicələri üzrə 1 468.04 AZN vəsait xərclənib və müxtəlif vaxtlarda daxil olan müraciətlərinə əsasən 4 038.84 AZN dəyərində dərman vasitələri ilə təmin edilib.

Ümumilikdə, Həsrət Quliyev Həsən oğlunun Fonda daxil olan müraciətləri üzrə şəxsə 574 181.15 AZN məbləğində dəstək göstərilib. Şəxsin Fonda sonuncu müraciəti 2026-cı ilin sentyabr ayında dərman təminatı ilə bağlı olub və həmin müraciət təmin edilib. Şəxs sosial şəbəkə üzərindən yayımlanan görüntülərdə qeyd edilən məsələ ilə bağlı Fonda müraciət etməyib”.

Qeyd edək ki, Həsrət Quliyev Füzuli istiqamətində gedən döyüşlərdə yaralı silahdaşını xilas etməyə çalışarkən boynundan ağır güllə yarası alıb və uzun müddətdir müalicə olunur.

Lamiyə Məmmədova

Mənbə: Qafqazinfo · 27.11.2026, 15:57 · orijinal məqalə

Bu barədə kim yazır

Qafqazinfo saytında oxu