Banqladeşdə iğtişaşçılar ölkənin ən böyük banklarından birinin azı 100 filialını yandırıblar

· 1 mənbə

Bakı.Trend:

Banqladeşdə qadağan olunmuş keçmiş hakim Avami Liq Partiyasının tərəfdarları noyabrın 10-dan etibarən ölkənin ən böyük banklarından biri olan "Grameen Bank"ın azı 100 filialını yandırıblar.

"The Times of India" qəzetinin məlumatına görə, hücumlarda Hindistanda yaşayan keçmiş baş nazir Şeyx Hasinanın tərəfdarları iştirak ediblər. Onlar Nobel mükafatı laureatı Məhəmməd Yunusun təsis etdiyi bankın filiallarına molotov kokteylləri atıblar. Hücumların hədəfi, həmçinin Hasinanın digər siyasi rəqiblərinə məxsus evlər və şirkətlər olub.

Məhəmməd Yunus bildirib ki, yanğınlar və vandalizm aktları 21 min əməkdaşın çalışdığı və 11 milyon borcalana xidmət göstərən bankın fəaliyyətinə mane olub. O, hakimiyyəti bank filiallarının mühafizəsini gücləndirməyə çağırıb.

Qeyd edək ki, Şeyx Hasina 2024-cü ilin avqustunda kütləvi tələbə etirazları nəticəsində hakimiyyətdən devrildikdən sonra Hindistanda yaşayır. Banqladeş məhkəməsi 2025-ci ildə onu etirazların yatırılması zamanı törədilmiş insanlıq əleyhinə cinayətlərə görə qiyabi olaraq ölüm cəzasına məhkum edib. Hasina isə ittihamları rədd edir.

Mənbə: Trend · 25.11.2026, 17:58 · orijinal məqalə

Bu barədə kim yazır

Trend saytında oxu