GECF: Avropada ötən ay qaz istehlakı azalıb, ABŞ-da isə artım müşahidə olunub

· 1 mənbə

Bu ilin oktyabr ayında Avropa İttifaqında təbii qaz istehlakı illik müqayisədə 10% azalaraq 23,6 mlrd. kubmetr olub.

Bu barədə “APA-Economics” Qaz İxrac edən Ölkələr Forumunun (Gas Exporting Countries Forum - GECF) hesabatına istinadən xəbər verir.

Hesabata görə, azalmanın əsas səbəbi məişət, kommersiya və sənaye sektorlarında istehlakın aşağı düşməsi olub. Avropada orta temperatur 11,1°C təşkil edib ki, bu da 1991–2020-ci illər üzrə orta göstəricidən 1,5°C yüksəkdir. Beləliklə, oktyabr ayı müşahidələr tarixində ikinci ən isti oktyabr olub və istilik mövsümünün başlanmasını gecikdirib. Sənaye sektorunda qaz tələbatı da aşağı səviyyədə qalıb ki, bu da ümumi istehlakın azalmasına əlavə təsir göstərib.

Bildirilir ki, hesabat dövründə ABŞ-da təbii qaz istehlakı illik müqayisədə 2% artaraq 70 mlrd. kubmetr səviyyəsində olub.

“Artımın əsas səbəbi elektrik enerjisi istehsalı sektorunda tələbatın yüksəlməsi olub. Qazdan istifadə etməklə elektrik enerjisi istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 4,6% artıb. Buna qaz elektrik stansiyalarında istehsalın artmasının külək və su elektrik stansiyalarında istehsalın azalmasını kompensasiya etməsi səbəb olub. Sənaye sektorunda qaz istehlakı da illik müqayisədə 3% artıb, məişət və kommersiya sektorlarında isə müvafiq olaraq 3% və 5% azalıb”, - hesabatda qeyd olunur.

Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Mənbə: APA · 24.11.2026, 10:44 · orijinal məqalə

Bu barədə kim yazır

APA saytında oxu