Litva XİN rəhbəri: Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətləri yalnız “strateji” sözü ilə təsvir etmək mümkündür - MÜSAHİBƏ
· 1 mənbə
Azərbaycanda səfərdə olan Litvanın xarici işlər naziri Kestutis Budrisin APA-ya müsahibəsi
“Sabah” – “Barselona” matçından həqiqətən böyük zövq aldım
- Cənab nazir, ilk növbədə müsahibə üçün bizə vaxt ayırdığınıza görə Sizə çox təşəkkür edirik. İlk sualım “Sabah” – “Barselona” matçı ilə bağlı olacaq. Azərbaycanlı həmkarınız Ceyhun Bayramovla birgə brifinqdə “Sabah”a azarkeşlik edəcəyinizi bildirdiniz və oyunu stadiondan izlədiniz. Qarşılaşma ilə bağlı təəssüratlarınız necədir?
- Açığı, oyunun təfərrüatlarına varmaq və təhlil aparmaq üçün özümü böyük futbol mütəxəssisi hesab etmirəm. Amma bu sahədə böyük mütəxəssisin kim olduğunu bilirəm. O, “Sabah”ın baş məşqçisi Valdas Dambrauskasdır. Bu gün səhər onunla görüşmək və böyük idman diplomatiyası fəaliyyəti, Litva ilə Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə ona Xarici İşlər Nazirliyinin mükafatını – “Diplomatiya ulduzu” mükafatını təqdim etmək imkanım oldu. Oyunla bağlı isə deyə bilərəm ki, stadiondakı atmosferdən və on minlərlə insanın “Sabah”a göstərdiyi möhtəşəm dəstəkdən həqiqətən böyük zövq aldım. Bu, inanılmaz təcrübə idi. Çox gözəl oyun oldu. Axı qarşında “Barselona” kimi bir komanda var. Buna baxmayaraq, sən öz uğurunu da əldə edirsən. Düşünürəm ki, bu, çox yaxşı nəticə idi.
Stadionun sektorlardan birində toplaşan Litva icmasının nümayəndələri də məni təəccübləndirdi. Oyundan sonra onlarla görüşmək üçün yanlarına getdim. Onlar həm “Sabah”a, həm də, əlbəttə ki, möhtəşəm baş məşqçiyə və onun bütün komandasına dəstək olurdular. Bəli, bundan sonra da bu klubun “Cinderella” nağılına bənzəyən hekayəsini mütləq izləyəcəyəm. Bu, həqiqətən də, böyük nailiyyətdir.
Azərbaycanla yaxınlaşmaq Avropa İttifaqının da marağındadır
- Dünən Litva-Azərbaycan ikitərəfli münasibətlərində mühüm bir mərhələnin şahidi olduq, iki ölkə arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalandı. Bu sənədin icrasının nəticələrini nə zaman görə biləcəyik?
- Bu istiqamətdə irəliləyib-irəliləmədiyimizi rəqəmlər göstərəcək. Əlbəttə, məsələ yalnız bəyanatlar verməkdən və şüarlar səsləndirməkdən ibarət deyil. Əsas məqsəd xalqlarımız arasında əlaqələri daha da genişləndirməkdir. Bu, daha çox litvalının gözəl ölkənizlə tanış olmaq üçün Azərbaycana gəlməsi deməkdir. Eyni zamanda, azərbaycanlıların Litvaya daha çox səfər etməsi, Azərbaycandan Litvaya daha çox tələbənin gəlməsi və yeni biznes imkanlarının yaradılması deməkdir. Azərbaycanın iqtisadiyyat naziri və iş adamları ilə bu imkanlardan necə yararlana biləcəyimizi müzakirə etdik. Söhbət həm siyasi, həm də strateji səviyyədə mövcud olan imkanların reallaşdırılmasından gedir. Azərbaycanla yaxınlaşmaq Avropa İttifaqının da marağındadır. Nəticələri isə rəqəmlər göstərəcək. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 100 milyon avro təşkil edib. Bunun 40 milyon avrosu malların, təxminən 60 milyon avrosu isə xidmətlərin payına düşüb. Biz bu göstəriciləri artırmaq istəyirik. Enerji, bərpaolunan enerji, kənd təsərrüfatı, turizm sektoru, eləcə də texnologiya və inkişaf tələb edən bütün digər sahələrdə əməkdaşlığımızı genişləndirmək niyyətindəyik. Litva hər şeyi eyni anda təklif etmir. Biz həqiqətən ən güclü olduğumuz sahələrdə təcrübəmizi bölüşməyi və eyni zamanda Azərbaycanın ən yaxşı imkanlarından yararlanmağı təklif edirik. Azərbaycan yalnız təbii ehtiyatlarla zəngin və onların emalı üçün böyük potensiala malik ölkə deyil, digər sahələrdə də geniş imkanlara sahibdir. Buna görə də sənaye və kənd təsərrüfatı sahələrində əməkdaşlıq bizim üçün böyük əhəmiyyət daşıyır. Biz artıq konkret icra mərhələsinə keçməliyik. Düşünürəm ki, siyasi münasibətlərimizin intensivliyi də bu yeni səviyyəyə yüksəlişdə öz əksini tapacaq. Ölkələrimizin liderləri – prezidentlərimiz dost münasibətlərinə malikdirlər və tez-tez görüşürlər. Mən də sizin xarici işlər naziriniz Ceyhun Bayramovla çox görüşürəm. Hər görüşdən maksimum dərəcədə səmərəli istifadə edəcəyik. Əminəm ki, qarşıya qoyduğumuz məqsədlərə nail olacağıq. Təxminən altı aydan sonra, 2027-ci ilin əvvəlində Litva Avropa İttifaqı Şurasına sədrlik edəcək. Əlbəttə ki, həmin dövrdə Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın inkişafına xüsusi diqqət yetirəcəyik. Məqsədlərimizdən biri də bu əməkdaşlığı Strateji Tərəfdaşlıq Sazişi səviyyəsinə yüksəltməkdir.
Biz Azərbaycanla yeni enerji bağlantılarına, eləcə də nəqliyyat və kommunikasiya əlaqələrinin inkişafına investisiya yatırmaq istəyirik
- Cənab nazir, siz Litvanın Azərbaycan-Aİ əməkdaşlığının dərinləşdirilməsinə töhfə verəcəyini qeyd etmisiniz. Litvanın Avropa İttifaqı ilə Azərbaycan arasında yeni Tərəfdaşlıq Sazişi üzrə danışıqlar prosesinə necə töhfə verəcəyini bilmək istərdik. Litva bu prosesdə hansı formada iştirak edəcək?
- Biz bu prosesdə birbaşa iştirak edəcəyik. Avropa İttifaqına üzv 27 dövlətdən biri kimi, həmçinin, üzv ölkələrin bu istiqamətdə irəliləmək və ya irəliləməmək barədə qərar qəbul etdiyi müəyyən işçi qruplarına sədrlik edən ölkə kimi prosesə töhfə verəcəyik. Bizim tərəfimizdən Azərbaycanla vizasız rejimin tətbiqinin vacibliyini əsaslandıran bütün arqumentlər mövcuddur. Məqsədimiz qarşılıqlı səfərlərin maneəsiz həyata keçirilməsidir. Eyni zamanda tərəfdaşlıq çərçivəsində prioritetlərimizin müəyyənləşdirilməsi üçün də kifayət qədər əsaslarımız var. Qeyd etdiyim kimi, biz tərəfdaşlıq münasibətlərinin daha yüksək səviyyəyə qaldırılmasını və prioritet istiqamətlərin müvafiq sənədə daxil edilməsini istəyirik. Bu isə bizi Avropa İttifaqının maliyyə alətlərindən, o cümlədən “Global Gateway” proqramından daha səmərəli və effektiv şəkildə yararlanmağa imkan verəcək. Bu proqram növbəti yeddi il ərzində yüz milyardlarla avro həcmində investisiya imkanları nəzərdə tutur.
Biz Azərbaycanla yeni enerji bağlantılarına, eləcə də nəqliyyat və kommunikasiya əlaqələrinin inkişafına investisiya yatırmaq istəyirik. Sizin inşa etdiyiniz yeni nəqliyyat marşrutları – yalnız dəmir yolları və avtomobil yolları deyil, həm də rəqəmsal bağlantılar gələcəyin əsas istiqamətləridir. Biz bu imkanlardan ticarətimizi asanlaşdırmaq və genişləndirmək üçün istifadə edəcəyik. Avropa İttifaqı ilə Azərbaycan arasında baş verənləri “strateji” sözündən başqa heç bir ifadə ilə təsvir etmək mümkün deyil. Strateji dedikdə, son dərəcə mühüm əhəmiyyət kəsb edən məsələləri nəzərdə tuturuq. Bizim buna ehtiyacımız var və burada böyük əlavə dəyər görürük. Bu fürsətdən yararlanmalı, yaranmış əlverişli məqamı qaçırmamalıyıq. Xüsusilə də indiki dövrdə – Azərbaycan regionda sabitliyin və sülhün təmin olunmasının əsas tərəfdarlarından biri kimi çıxış etdiyi, öz dayanıqlılığını nümayiş etdirdiyi bir vaxtda. Məhz indi bunun üçün ən münasib zamandır.
Kiminlə sərbəst səyahət etmək və münasibətləri inkişaf etdirmək istədiyimiz məsələsində bizim də mühüm sözümüz olacaq
- Litvanın gələn il Avropa İttifaqı Şurasına sədrlik edəcəyini qeyd etdiniz. Altı ay davam edəcək bu müddətin Azərbaycanla Avropa İttifaqı arasında viza rejiminin liberallaşdırılması üzrə danışıqlar üçün kifayət edəcəyini düşünürsünüzmü? Çünki bir qayda olaraq viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlar daha uzun vaxt tələb edir. Sizcə, bu altı ay ərzində bu istiqamətdə mühüm nailiyyətlər əldə edə bilərikmi?
- Bir çox proseslərdə yaxşı başlanğıc işin yarısı deməkdir. Buna görə də ilk növbədə prosesə başlamalıyıq. Bizim də əsas məqsədimiz budur. Əlbəttə, Avropa İttifaqı 27 ölkədən ibarət təşkilatdır və bütün məsələləri müzakirə etməli, ortaq razılığa gəlməliyik. Qərarlarımızın bir çoxu yekdilliklə qəbul edilir. Buna görə də bütün üzv dövlətlərin dəstəyini təmin etmək lazımdır. Sədrlik edən ölkənin əsas vəzifəsi isə dürüst vasitəçi rolunu oynamaq və qərarların qəbulunu təşkil etməkdir. Bizim belə bir ifadəmiz var: bunun üçün yaxşı qələm, yaxşı telefon və yaxşı mikrofon lazımdır. Yəni həll yolu və kompromis tapmaq üçün kiməsə zəng etməli, əldə olunan razılaşmanı qələmlə yazıya almalı və mikrofon vasitəsilə elan etməlisən. Bizim işimiz məhz bundan ibarətdir. Əlbəttə, gündəliyə təsir göstərmək, hansı məsələləri müzakirə edəcəyimizi və hansı istiqamətlərdə fəaliyyət göstərəcəyimizi müəyyənləşdirmək də bu vəzifənin üstünlüklərindən biridir. Bütün üzv dövlətlərin təmsil olunduğu Avropa İttifaqı Şurasının mövqeyindən çıxış edərək deyə bilərəm ki, kiminlə sərbəst səyahət etmək və münasibətləri inkişaf etdirmək istədiyimiz məsələsində bizim də mühüm sözümüz olacaq. Bu istiqamətin təşviq edilməsi də bizim üzərimizə düşəcək. Prosesi sürətləndirmək məqsədilə, əlbəttə ki, müəyyən hüquqi və siyasi məsələləri həll etməyə, prosedurları mümkün qədər asanlaşdırmağa çalışacağıq. Əminəm ki, bu, bütün tərəflərin maraqlarına uyğundur.
Azərbaycanın NATO-nun rəhbərliyi altında həyata keçirilən beynəlxalq əməliyyatlara verdiyi mühüm töhfəni heç kim unuda bilməz
- Cənab nazir, Azərbaycan həm də NATO üçün etibarlı tərəfdaşdır. Litva NATO-nun şərq cinahında yerləşən ən mühüm ölkələrdən biri kimi Azərbaycanla NATO arasında hərbi-texniki əlaqələrin gücləndirilməsinə necə töhfə verməyi planlaşdırır?
- Biz artıq çox yaxşı əməkdaşlıq edirik. Hərbi qulluqçularımızın təlimlərdə iştirakını, eləcə də müxtəlif tədbirlərdə birgə fəaliyyətimizi buna misal göstərə bilərəm. Azərbaycanın NATO-nun rəhbərliyi altında həyata keçirilən beynəlxalq əməliyyatlara verdiyi mühüm töhfəni heç kim unuda bilməz. Həmin əməliyyatlarda Siz özünüzü Alyansa nə qədər yaxın tərəfdaş olduğunuzu nümayiş etdirdiniz. Bundan əlavə, gündəlik fəaliyyətinizlə NATO standartlarına uyğunlaşmağınız və qarşılıqlı fəaliyyət qabiliyyəti baxımından mövcud fərqlərin aradan qaldırılması istiqamətində gördüyünüz işlər, məncə, həqiqətən də böyük əhəmiyyət daşıyır. NATO ilə Azərbaycan arasında güclü tərəfdaşlığın olması bizim maraqlarımıza uyğundur. Biz bu tərəfdaşlığın real ehtiyaclara uyğun formalaşmasını istəyirdik. Son illərin təcrübəsi isə göstərdi ki, belə tərəfdaşlıq hər iki tərəf üçün zəruridir. Qarşıdakı dövrdə diqqət yetirməli olduğumuz əsas istiqamətlərdən biri ümumilikdə dayanıqlılığın gücləndirilməsidir. Buraya Silahlı Qüvvələrimizin dayanıqlılığının artırılması, onların ən yaxşı dəstək, təchizat və xidmətlərlə təmin olunması da daxildir. Bu, təhlükəsizlik sahəsində əməkdaşlığımızın əsas istiqamətlərindən biridir. Bununla yanaşı, digər əməkdaşlıq sahələri də mövcuddur. Ümumilikdə, keçirdiyimiz görüşlər zamanı müxtəlif aktorların həm şimaldan, həm də cənubdan hibrid fəaliyyətlər vasitəsilə Sizə necə təsir göstərməyə çalışdıqları barədə təcrübənizlə tanış olmaq və bunları dinləmək Litva üçün də, bütövlükdə regionumuz üçün də mühüm öyrənmə mənbəyidir. Düşünürəm ki, bu təcrübə bizə necə daha güclü olmağı öyrənmək baxımından çox faydalıdır.
Rusiya və Belarusun enerji sistemlərindən ayrılaraq kontinental Avropa enerji sisteminə qoşulduq
- Bir neçə ay əvvəl Litvanın keçmiş Baş naziri İnqa Ruginyene Azərbaycana səfər etmişdi. O, enerji sahəsində əməkdaşlığımızı ənənəvi istiqamətlərdən kənara çıxararaq genişləndirməli olduğumuzu bildirmişdi. Yəni neft və qaz sektorundan əlavə, “yaşıl enerji” və bərpaolunan enerji sahəsində də əməkdaşlığın genişləndirilməsini nəzərdə tuturam. Litvanın “yaşıl enerji” sahəsində təcrübəsi barədə bilmək istərdik. Litva bu sahədəki təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır?
- Əlbəttə, bu fikirlə tamamilə razıyam. Bu, gələcəkdə enerji sektorunun inkişafının növbəti mərhələsidir və enerjinin gələcəyi məhz bu istiqamətlə bağlıdır. Dünyanın hər yerində enerjiyə tələbat əhəmiyyətli dərəcədə artacaq. Bu, həm elektrik enerjisinə, həm də yanacağa olan tələbat baxımından aydındır. Əlbəttə, ilk növbədə, ilkin mərhələni başa çatdırmalıyıq. Bu mərhələ Azərbaycandan enerji təchizatının genişləndirilməsidir. Hazırda Azərbaycan Avropa İttifaqına təbii qaz tədarük edən ölkələr arasında fəxrlə dördüncü yerdədir. Növbəti mərhələ isə, şübhəsiz ki, bərpaolunan və “yaşıl enerji”dir. Litva elektrik enerjisinin böyük əksəriyyətini atom elektrik stansiyalarında istehsal edən ölkədən günəş, külək və su enerjisinə əsaslanan bərpaolunan enerji sisteminə möhtəşəm transformasiya həyata keçirib. Hazırda bərpaolunan enerji ümumi elektrik enerjisi istehsalımızın 70 faizindən çoxunu təşkil edir. 2030-cu ildə isə “yaşıl enerji” ixracatçısına çevriləcəyik. Azərbaycanın da “yaşıl enerji” ixracatçısı olmaq planlarını nəzərə alsaq, bu, əməkdaşlığımız üçün təbii və perspektivli istiqamətdir. Litvanın qərb bölgəsində xüsusilə güclü olduğumuz bir çox sahə və konkret texnoloji həllər barədə məlumat əldə edirəm. Məsələn, elektrik şəbəkələrinin qurulması, günəş enerjisinin istehsalı ilə bağlı texnoloji həllər. Avropa qitəsində günəş panelləri istehsal edən azsaylı şirkətlərdən biri də Litvada yerləşir. Bundan əlavə, günəş və külək enerjisinin istehsalında yaranan dəyişkənliyi nəzərə alaraq, bu enerji mənbələrinin elektrik şəbəkəsinə necə inteqrasiya olunması da mühüm məsələdir. Bu istiqamətdə enerji saxlama sistemləri üzrə həllərimiz mövcuddur. Belə ki, ümumi enerji sisteminin ehtiyacları üçün nəzərdə tutulan Avropanın ən böyük batareya parklarından birinə sahibik. Eyni zamanda digər enerji sistemləri ilə bağlantıların inkişaf etdirilməsi sahəsində də təcrübəmiz var. Bu yaxınlarda həyata keçirdiyimiz və əsrin layihəsi adlandırdığımız təşəbbüs nəticəsində Rusiya və Belarusun enerji sistemlərindən ayrılaraq kontinental Avropa enerji sisteminə qoşulduq. Düşünürəm ki, bu, əldə etdiyimiz böyük uğurun və digər ölkələrə təqdim edə biləcəyimiz təcrübənin bariz nümunələrindən biridir. Əgər regional inteqrasiyanı gücləndirmək və etibarlı enerji bağlantıları qurmaq istəyirsinizsə, bizim təcrübəmizdən yararlana bilərsiniz. Biz yalnız təcrübəmizi bölüşməyə deyil, həm də bu layihələrdə birbaşa iştirak etməyə hazırıq. Litva, həmçinin, LNG terminalımız vasitəsilə təbii qaz təchizatının enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Terminalımız regional enerji mərkəzi kimi fəaliyyət göstərir. Bu sahədə tərəfdaşlarımızın dairəsini genişləndirmək və yeni ticarət imkanları yaratmaq üçün fürsətlər axtarırıq. Beləliklə, Avropa İttifaqındakı bəzi böyük qonşularımızla müqayisədə ölkə və iqtisadiyyat baxımından kiçik olsaq da, müəyyən sahələrdə kifayət qədər çevik və güclüyük. Müəyyən istiqamətlərdə isə rəqabətədavamlı və ciddi təcrübəyə malik ölkəyik. Ona görə də konkret sektorlar, layihələr və təcrübəmizi bölüşmək imkanları barədə danışarkən əminliklə deyirəm ki, məhz həmin sahələrdə ən yaxşı təcrübəyə malik ölkələrdən biriyik.
Orta Dəhliz və digər layihələr bizim üçün mütləq prioritetdir
- Ölkələrimiz arasında siyasi təmasların çox yüksək səviyyədə olmasına baxmayaraq, ticarət dövriyyəmiz nisbətən aşağı olaraq qalır. Litva Azərbaycanın logistika və kənd təsərrüfatı kimi sahələrinə investisiya yatırmağı planlaşdırır?
- Bu, bizneslə bağlı dəyirmi masasında toxunduğum mövzulardan biri idi. Mənim vəzifəm bu rəqəmləri artırmaqdır. Dediyim kimi, 100 milyon kifayət deyil. Həm xidmətlər, həm də mallar üzrə ticarətimizi genişləndirməliyik. Mallara gəldikdə isə, daha yaxşı nəqliyyat və logistika əlaqələrinə ehtiyacımız var. Xüsusilə ticarət və kənd təsərrüfatı məhsullarının daşınmasında onların həftələrlə yolda qalmasına imkan verə bilmərik. Bizə sürətli nəqliyyat bağlantıları lazımdır. Buna görə də Orta Dəhliz və digər layihələr bizim üçün mütləq prioritetdir. Bu, həm də nəqliyyat layihələrini səmimi şəkildə dəstəkləməyimizin və öz həll yollarımızı təklif etməyimizin əlavə səbəbidir. Bu layihələr yüklərin daşınması imkanlarını genişləndirəcək. Biz istəyirik ki, yüklər Türkiyənin cənubuna, oradan isə şimala doğru hərəkət etsin. Eyni zamanda, Avropanın Adriatik dənizindən Baltik dənizinə qədər daha güclü bağlantı qurması vacibdir. Bu, ticarəti asanlaşdıracaq. Potensialın bir hissəsindən istifadə olunmur, çünki şirkətlər arasında daha çox əlaqəyə ehtiyac var. Hazırda məhz bu istiqamətdə iş aparılır. Şirkətlər potensial tərəfdaşları ilə görüşürlər və düşünürəm ki, bu görüşlər yeni imkanlar yaradacaq. Bundan sonra isə, necə deyərlər, sehr başlayır. Uğurlu nəticələr barədə məlumat yayıldıqca, bu, başqalarını da cəlb edir. Beləliklə, uğur yeni uğurlara yol açır. Ümid edirəm ki, bu müsbət dinamika davam edəcək. Enerji ticarəti sahəsində də bu fürsətdən yararlanmalıyıq. Bunu futbolla müqayisə etmək olar. Qələbələr haqqında eşidəndə, Çempionlar Liqasında baş verənləri izləyəndə bu, insanların diqqətini cəlb edir. Bununla yanaşı, maliyyə vəsaitləri, müxtəlif resurslar və başqalarının dəstəyi də cəlb olunur. Biznes sahəsində də məhz belə bir təsirə ehtiyacımız var.
Qarabağa səfər etməkdən çox məmnun olardım
- Cənab nazir, Ermənistanın işğalından azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda hazırda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri həyata keçirilir. Litva rəqəmsal idarəetmə, ekoloji cəhətdən dayanıqlı şəhərsalma və mühəndislik həlləri sahəsində Avropanın qabaqcıl ölkələrindən biridir. Bakıya Litva şirkətlərinin bu prosesdə iştirakına dair konkret təkliflərlə gəlmisiniz? Və bir də gələcəkdə Qarabağa səfər etməyi planlaşdırırsınızmı?
- Bəli, əlbəttə, Qarabağa səfər etməkdən çox məmnun olardım. Bu, Azərbaycana ilk səfərimdir. Təbii ki, burada kəşf etməli olduğum çox şey var.
Təklif etdiyimiz məsələlərə gəlincə, şəhərsalma və müxtəlif texnoloji həllərlə bağlı detalları hələ müzakirə etməmişik. Əminəm ki, bu sahələrdə tərəfdaşlar tapa bilərik. Qarabağa gəldikdə isə, təəssüf ki, Ukraynada əldə etdiyimiz minalardan təmizləmə təcrübəsini Azərbaycanla bölüşməyi təklif etmişik. Biz bunu İslandiya ilə birlikdə “Minalardan Təmizləmə Bacarıqları Koalisiyası” adlandırırıq. Bu təcrübəni genişləndirmək və digər ərazilərdə də tətbiq etmək istəyirik. Bu, əməkdaşlıq edə biləcəyimiz istiqamətlərdən biridir. Çünki şəhərlərin genişlənməsi və inkişaf etməsi, biznes fəaliyyətinin qurulması üçün ilk növbədə torpaqlar minalardan təmizlənməli və istifadəyə yararlı vəziyyətə gətirilməlidir. Bizim töhfəmiz də məhz bu ola bilər.
Azərbaycanı gələn il Vilnüsdə keçiriləcək Ukrayna Minatəmizləmə Fəaliyyəti Konfransına dəvət etdim
Litvada minatəmizləmə sahəsində fəaliyyət göstərən Mərkəzi Layihələrin İdarə Edilməsi Agentliyi var. Bu qurum bütün imkanlarımızın idarə olunmasını və əlaqələndirilməsini həyata keçirir. Koalisiya da bu baxımdan çox faydalı ola bilər. Bilirəm ki, Avropa İttifaqı da bu prosesə töhfə vermək istəyir və bunun üçün maliyyə vəsaiti ayırır. Biz də bu prosesin bir hissəsi olacağıq. Bundan əlavə, Azərbaycanı gələn il Vilnüsdə keçiriləcək Ukrayna Minatəmizləmə Fəaliyyəti Konfransına dəvət etdim. Bu konfransda həm minalarla çirklənmiş ölkələr, həm də minatəmizləmə imkanlarına malik dövlətlər bir araya gələcək. Öz ərazinizi minalardan təmizləməli olduğunuz zaman məhz belə əməkdaşlıq vasitəsilə təcrübə və bilik əldə edirsiniz. Gələn il Vilnüsdə keçiriləcək görüş qabaqcıl təcrübələri bölüşmək üçün böyük fürsət olacaq. Həmçinin, Azərbaycanda minatəmizləmə prosesinin daha sürətli həyata keçirilməsinə imkan verən uğurlu layihələr hazırlamaq baxımından da böyük əhəmiyyət daşıyacaq.
- Cənab nazir, sonda bir daha müsahibə üçün vaxt ayırdığınıza görə Sizə təşəkkür edirik.
- Mən də öz növbəmdə Sizə təşəkkür edirəm.
Firuzə Vahid
Toğrul Quluzadə
Foto - İlkin Nəbiyev ©️ APA GROUP
Mənbə: APA · 26.11.2026, 15:22 · orijinal məqalə