XİN Misirdə baş vermiş ağır yol qəzası ilə bağlı başsağlığı verib

· 1 mənbə

Bakı. Trend:

Azərbaycanın Xarici İşlər Nazirliyi Misirin Giza əyalətində baş vermiş ağır yol qəzası nəticəsində çoxsaylı insanın həlak olması ilə əlaqədar Misir hökumətinə və xalqına başsağlığı verib.

Bu barədə XİN-in rəsmi "X" səhifəsində paylaşım edilib.

"Misirdə yanacaq daşıyan yük avtomobilinin iştirakı ilə baş vermiş qəza nəticəsində Giza əyalətində baş verən və çoxsaylı insanın həyatına son qoyan, bir çoxunun yaralanmasına səbəb olan yanğın faciəsi bizi dərindən kədərləndirib. Həyatını itirənlərin ailələrinə, həmçinin Misir Ərəb Respublikasının hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Yaralananların hamısına tezliklə və tam sağalmalarını arzulayırıq", - deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, noyabrın 25-də Misirin Giza əyalətinin Əl-Vərrak rayonunda Qahirə dairəvi avtomobil yolunda neft məhsulları daşıyan yük avtomobilinin aşması və ardınca baş verən yanğın nəticəsində 31 nəfər həlak olub, 21 nəfər yaralanıb, 27 nəqliyyat vasitəsi yanaraq yararsız vəziyyətə düşüb.

Misir Prokurorluğu qəza ilə bağlı araşdırma çərçivəsində yük avtomobili ilə toqquşmada şübhəli bilinən digər avtomobilin sürücüsünü saxlayıb. Hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi istiqamətində istintaq davam edir.

Mənbə: Trend · 26.11.2026, 15:22 · orijinal məqalə

Bu barədə kim yazır

Trend saytında oxu