Novak: "OPEC+" ölkələri hasilat güclərinin qiymətləndirilməsi məsələsini müzakirə edəcək
· 1 mənbə
Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələri və təşkilata daxil olmayan bir sıra neft hasilatçısı dövlətləri birləşdirən "OPEC+" formatının iştirakçıları bazar günü keçiriləcək iclasda sazişə daxil olan ölkələrin maksimal neft hasilatı güclərinin qiymətləndirilməsi üzrə işlərin hazırkı vəziyyətini müzakirə edəcəklər.
“TASS” xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak jurnalistlərə bildirib.
“Biz bu işi ilin sonunadək başa çatdırmağı planlaşdırırıq. İclasda işlərin hansı mərhələdə olduğunu nəzərdən keçirəcəyik”, – deyə o bildirib.
Qeyd olunur ki, 2025-ci ildə "OPEC+" OPEC Katibliyi tərəfindən hazırlanmış, saziş iştirakçısı olan ölkələrin maksimal neft hasilatı imkanlarının müəyyənləşdirilməsi üçün nəzərdə tutulan mexanizmi razılaşdırıb. 2027-ci il üçün neft hasilatının baza səviyyələri də məhz bu mexanizm əsasında müəyyən ediləcək.
Xatırladaq ki, “OPEC+” OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması (bazarı tarazlamaq məqsədi ilə - red.) üzrə təşəbbüsdür. Azərbaycan da “OPEC+” razılaşmasının iştirakçısıdır.
Mənbə: APA · 25.11.2026, 17:36 · orijinal məqalə