Rusiyalı investorun “Tether”də (USDT) milyardlarla dollarlıq gizli payı üzə çıxıb – FT
· 1 mənbə
Rusiyalı vençur investoru Vitali Bezrodnıxın dünyanın ən böyük stabilkoini USDT-ni buraxan “Tether” şirkətində milyardlarla dollar dəyərində paya sahib olduğu məlum olub. İndiyədək onun şirkətin səhmdarları arasında olduğu ictimaiyyətə açıqlanmamışdı.
Banker.az (İnvestisiya) xəbər verir ki, bu barədə noyabrın 28-də Böyük Britaniya qəzeti “Financial Times” (FT) məsələdən məlumatlı mənbələrə istinadən yazıb.
FT-nin məlumatına görə, 56 yaşlı Bezrodnıx təxminən 2017-ci ildə “Tether”ə investisiya yatırıb. Onun şirkətdəki dəqiq payı açıqlanmasa da, həmin aktivlərin dəyərinin bir neçə milyard dollar olduğu bildirilir.
“Forbes”in bu ilin əvvəlindəki qiymətləndirməsinə əsasən, “Tether”in bazar dəyəri təxminən 200 milyard dollardır.
Şirkət 2026-cı ilin ilk üç rübündə 4,5 milyard dollar xalis əməliyyat mənfəəti əldə edib. Dövriyyədə olan USDT tokenlərinin ümumi dəyəri isə təxminən 174 milyard dollara çatıb.
Bezrodnıx əvvəllər Rusiyanın kibertəhlükəsizlik şirkəti “Kaspersky Lab”da biznesin inkişafı üzrə rəhbər vəzifədə çalışıb və 2012-ci ilədək şirkətin səhmdarlarından biri olub.
O, həmçinin “Fulgur Ventures” vençur investisiya şirkətinin həmtəsisçisidir.
“Fulgur Ventures” və “Tether” bir sıra Bitcoin infrastrukturu layihələrinə, o cümlədən “Utexo” və “Jan3” şirkətlərinə birgə investisiya yatırıblar. Tərəflər İsveçrənin Luqano şəhərində həyata keçirilən “Plan B” Bitcoin təşəbbüsünü də maliyyələşdirirlər.
FT-nin məlumatına görə, “Tether” və Bezrodnıxın nümayəndəsi səhmdarlıqla bağlı suallara rəsmi şərh verməkdən imtina ediblər.
Mənbə: Banker.az · 29.11.2026, 11:20 · orijinal məqalə