Pentaqonun UNO materiallarının saxlanılması ilə bağlı planı üzə çıxdı
· 1 mənbə
Pentaqon 2009-cu ildə ucan naməlum obyetlərlə (UNO) əlaqəli materialların və bioloji nümunələrin saxlanılması üçün yeraltı bunker tikməyi planlaşdırıb.
Publika.az xəbər verir ki, bu barədə qurumun dərc olunmuş sənədlərində bildirilir.
Nevada ştatının Nort-Las-Veqas şəhərində tikilməsi nəzərdə tutulan bunkerin layihəsi həmin dövrdə Pentaqonla əməkdaşlıq edən "Bigelow Aerospace Advanced Space Studies" (BAASS) şirkəti tərəfindən hazırlanıb. Planların təsvir olunduğu sənəd 2009-cu ilin iyul ayına aiddir.
Sahəsi 5 min kvadrat fut (465 kvadratmetr) olan yeraltı anbarın 15–20 fut (4,6–6,1 metr) dərinlikdə yerləşdirilməsi nəzərdə tutulurdu. Obyektin divarlarının qalınlığı üç fut (91 santimetr) olmalı, həmçinin bunker kütləvi polad qapı ilə təchiz edilməli idi. Bunker texniki avadanlıqların və bioloji nümunələrin mühafizəli şəkildə saxlanılması üçün nəzərdə tutulmuşdu.
ABŞ hakimiyyəti UNO-larla bağlı sənədləri Prezident Donald Trampın vədinə əsasən may ayında dərc etməyə başlayıb. Artıq onlarla foto, videoyazı və şahid ifadəsi ictimaiyyətə açıqlanıb. Pentaqon materialların dərcini bir neçə həftədən bir davam etdirmək niyyətindədir.
Hüsyen İbadlı
Mənbə: Publika.az · 26.11.2026, 19:40 · orijinal məqalə